İran “Xürrəmşəhr-4” uzaqmənzilli hipersəsli ballistik raketləri ilk dəfə “yeraltı raket şəhəri”, bunkerə yerləşdirilib.
Bu barədə yerli “Fars” agentliyi İran İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, “Xürrəmşəhr-4” atmosferdən kənarda 16 Max, atmosferdə isə təxminən 8 Max sürət yığır və buraxıldıqdan sonra İsrail sərhədlərinə çatma vaxtı təxminən 10-12 dəqiqə qiymətləndirilir.
“Xürrəmşəhr-4” raketi rəsmi olaraq 2023-cü ildə təqdim edilib. Uçuş məsafəsi təxminən 2000 km, döyüş başlığı isə təqribən 1500 kq-dır (ayrı-ayrı nəşrlərdə daha yüksək rəqəmlərə də rast gəlinir).
Xatırladaq ki, 2025-ci ilin iyununda İsrail Hərbi Hava Qüvvələri bu raketlərin saxlandığı anbarlara hücum edib. ABŞ isə İranın raket proqramının dayandırılmasında israrlıdır.(Report)
