“Klinik təcrübədə ən çox rast gəlinən patologiyalar sırasına xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX), bronxial astma, pnevmoniya, xroniki bronxit və ağciyər fibrozu daxildir”.

Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva danışıb.

Onun sözlərinə görə, xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) tənəffüs yollarında hava axınının uzunmüddətli və davamlı şəkildə məhdudlaşdığı xəstəlikdir:

“Tütün istifadəsi xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) əsas səbəblərindən biridir. İlkin əlamətlərə uzun müddət davam edən, xüsusilə səhərlər daha çox müşahidə olunan bəlğəmli öskürək, tədricən artan nəfəs darlığı, fiziki fəaliyyət zamanı tez yorulma və tənəffüs yolu infeksiyalarının tez-tez təkrarlanması daxildir.

Bronxial astma tənəffüs yollarının xroniki iltihabı ilə əlaqəli xəstəlikdir. Bu zaman bronxlar müəyyən amillərə qarşı daha həssas olur və müvəqqəti olaraq darala bilər. Astmanın əsas əlamətləri tutma şəklində nəfəs darlığı, xırıltılı nəfəsalma, döş qəfəsində sıxılma hissi və quru öskürəkdir. Əlamətlər gecə və ya səhər saatlarında, həmçinin allergenlər, soyuq hava və fiziki aktivlik zamanı arta bilər”.

Həkim qeyd edib ki, pnevmoniya ağciyər toxumasının infeksion iltihabıdır:

“Xəstəliyə bakteriyalar, viruslar və daha nadir hallarda göbələklər səbəb ola bilər. Əsas əlamətlərə qızdırma, üşütmə, bəlğəmli öskürək, döş qəfəsində ağrı, nəfəsalmanın sürətlənməsi və ümumi halsızlıq daxildir.

Xroniki bronxit uzun müddət davam edən bəlğəmli öskürəklə xarakterizə olunur. Bu vəziyyət xüsusilə uzun müddət tütün məhsullarından istifadə edən insanlarda müşahidə oluna bilər. Əsas əlamətlər davamlı bəlğəmli öskürək, nəfəsalma zamanı xırıltı və tənəffüs yolu infeksiyalarına meylliliyin artmasıdır.

Uzun müddət davam edən və xarakteri dəyişən öskürək, səbəbsiz çəki itkisi, döş qəfəsində ağrı və səsdə dəyişikliklər digər xəstəliklərdə də müşahidə oluna bilər. Bu əlamətlər uzun müddət davam etdikdə həkim müayinəsi vacibdir. Erkən müayinə xəstəliyin vaxtında aşkar edilməsinə və müalicəyə daha tez başlanmasına imkan yaradır”.