Gilas orqanizmin müxtəlif sistemlərinin fəaliyyətinə müsbət təsir göstərir.

Bu barədə endokrinoloq və nutrisioloq Darya Haykina danışıb.

Həkimin sözlərinə görə, gilasın əsas üstünlüklərindən biri onun tərkibində yüksək miqdarda antosianların olmasıdır. Antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olan bu təbii birləşmələr gilasa tünd rəng verir. Mütəxəssis bildirib ki, gilasın müntəzəm istehlakı orqanizmdə iltihabi proseslərin azalmasına kömək edir və vaxtaşırı şişkinlik və ya oynaq narahatlığı yaşayan insanlar üçün faydalı ola bilər.

Darya Haykina əlavə edib ki, gilas ürək-damar sisteminə də müsbət təsir göstərir. Bu, gilasın tərkibində qan təzyiqinin normal səviyyədə saxlanılması və ürək əzələsinin düzgün fəaliyyəti üçün vacib olan kaliumun çoxluğu ilə əlaqədardır.

“Gilas orqanizmdən artıq mayenin təbii şəkildə xaric olunmasına kömək edir ki, bu da damarlar və ürək üzərindəki yükü azaldır. Üstəlik, bu proses kifayət qədər yumşaq şəkildə baş verir və digər vacib mikroelementlərin ciddi itkisi ilə müşayiət olunmur”, – deyə həkim vurğulayıb.

Mütəxəssis qeyd edib ki, gilas immun sisteminin gücləndirilməsi baxımından da dəyərlidir. Onun tərkibində immunitetin fəaliyyətində mühüm rol oynayan C vitamini, beta-karotin və sink mövcuddur. Bu maddələr xəstəliklərdən, emosional gərginlikdən və intensiv fiziki fəaliyyət sonrası orqanizmin daha sürətli bərpasına kömək edir.