İngiltərənin iki şirkətinə tərkibində şəkər, duz və yağ miqdarı yüksək olan məhsulların təşviqatını məhdudlaşdıran yeni qaydalara görə reklamlarının bir hissəsinin nümayişinə qadağa qoyulub.
“The Guardian”xəbər verir ki, Britaniyanın Reklam Standartları Agentliyi (ASA) “Lidl” və “Iceland” supermarketlər şəbəkəsi tərəfindən qayda pozuntularına yol verildiyini bəyan edib. Söhbət yanvarın 5-də qüvvəyə minmiş qaydalardan gedir. Həmin qaydalara əsasən, “qeyri-sağlam” məhsulların reklamının televiziyada saat 21:00-a qədər nümayişi, internetdə isə günün istənilən vaxtında paylaşılması qadağandır.
Tənzimləyici qurumun məlumatına görə, “Lidl” və “Iceland” şirkətlərinin şirniyyat və un məmulatlarını təşviq edən reklam materialları “Instagram”da və “Daily Mail” saytında yerləşdirilib ki, bu da müəyyən edilmiş məhdudiyyətlərin pozulması deməkdir.
“Lidl” tərəfi isə bəyan edib ki, onların reklamları məhz şəxsi ticarət nişanının təşviqi ilə bağlı istisna hallara aiddir və qayda pozuntusu kimi qiymətləndirilməməlidir.
