Əziz Mingəçevir sakinləri, hörmətli həmvətənlərim!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və yeni uğurlar arzulayıram.
Bu əlamətdar günlər xalqımızın milli birliyinin, həmrəyliyinin və güclü dövlətçilik düşüncəsinin təcəssümüdür. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını bir amal ətrafında birləşdirən bu müqəddəs gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Məhz bu siyasət sayəsində bu gün Azərbaycan güclü, müstəqil və söz sahibi olan bir dövlət kimi inamla inkişaf edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası regionların, o cümlədən Mingəçevir şəhərinin hərtərəfli inkişafını təmin edib. Dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq şəhərimizin siması yenilənir, yaşayış mühiti yaxşılaşdırılır, əhalinin sosial rifahı yüksəldilir.
Mingəçevir şəhər bələdiyyəsinin sədri olaraq mən və bələdiyyə üzvləri üzərimizə düşən məsuliyyəti dərindən dərk edərək bu siyasətin yerli səviyyədə uğurla icrası üçün əzmlə çalışırıq. Son dövrlərdə bələdiyyənin təşəbbüsü və iştirakı ilə şəhərdə bir sıra mühüm abadlıq və yenidənqurma işləri həyata keçirilib. Məhəllədaxili yolların təmiri, həyətlərin abadlaşdırılması, yaşıllıq sahələrinin salınması, park və istirahət guşələrinin bərpası bu işlərin tərkib hissəsidir.
Eyni zamanda, uşaq oyun meydançalarının yenilənməsi, ictimai istifadədə olan ərazilərin səliqəyə salınması, ekoloji mühitin qorunması məqsədilə ağacəkmə aksiyalarının təşkili daim diqqət mərkəzində saxlanılır. Şəhid ailələrinə, qazilərimizə və aztəminatlı ailələrə göstərilən sosial dəstək tədbirləri isə bizim üçün təkcə vəzifə deyil, mənəvi borcdur.
Bələdiyyə üzvləri ilə birlikdə sakinlərlə mütəmadi görüşlər keçirir, vətəndaşların müraciət və təkliflərini dinləyir, mövcud problemlərin yerində öyrənilməsi və həlli istiqamətində operativ addımlar atırıq. Bizim əsas məqsədimiz bələdiyyə–vətəndaş münasibətlərində açıq dialoqu və qarşılıqlı etimadı daha da gücləndirməkdir.
Qarşıdakı dövrdə Mingəçevir şəhərində abadlıq və yenidənqurma işlərinin daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur. Yeni yaşıllıq zolaqlarının salınması, məhəllə və həyətlərin mərhələli şəkildə abadlaşdırılması, sosial obyektlərin ətrafının yenilənməsi, sosial layihələrin əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərimiz sırasındadır.
Əminəm ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf yoluna sadiq qalaraq, dövlət–bələdiyyə–vətəndaş birliyi nəticəsində Mingəçevir daha müasir, abad və yaşamaq üçün daha cəlbedici bir şəhərə çevriləcək.
Bu xoş bayram günlərində bir daha hər birinizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, yeni ilin ölkəmizə sülh, xalqımıza firavanlıq, doğma Mingəçevirmizə isə davamlı inkişaf və yeni nailiyyətlər gətirməsini arzulayıram.
Hörmətlə,
Anar İsmayılov
Mingəçevir şəhər bələdiyyəsinin sədri
