Prezident İlham Əliyev yanvarın 12-də keçirdiyi müşavirədə Bakı şəhərində əhalinin yalnız 70 faizinin içməli su ilə təmin olunduğunu açıq şəkildə bəyan edib. Bu rəqəm ölkədə real vəziyyəti əks etdirən, məsuliyyətli və ciddi bir açıqlama kimi qəbul olunur.
Lakin bundan təxminən bir il əvvəl İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə verdiyi açıqlamada Bakının içməli su təminatının 82 faizə çatdığını iddia etmişdi.
Ortaya çox təhlükəli və düşündürücü sual çıxır:
Əgər Prezidentin açıqladığı rəqəm doğrudursa, bəs Aydın Abbasov bu 82 faizi haradan çıxarmışdı?
Yox, əgər 82 faiz real idisə, onda niyə bu gün ölkə başçısına 70 faiz hesabatı təqdim olunur?
Bu ziddiyyət artıq sadəcə texniki uyğunsuzluq deyil. Bu, ya ictimaiyyətin, ya da daha təhlükəlisi — ölkə başçısının yanlış məlumatlandırılması ehtimalını ortaya qoyur.
İçməli su kimi strateji və həyati əhəmiyyətli sahədə şişirdilmiş rəqəmlər vermək, vəziyyəti olduğundan yaxşı göstərmək, problemləri kağız üzərində “həll edilmiş” kimi təqdim etmək dövlət idarəçiliyinə açıq zərbədir. Əgər Aydın Abbasovun açıqladığı 82 faiz həqiqəti əks etdirmirdisə, bu, açıq şəkildə ictimaiyyəti və dolayısı ilə ölkə rəhbərliyini aldatmağa cəhd kimi qiymətləndirilməlidir.
Bu gün milyonlarla Bakı sakini hələ də fasiləli su ilə, aşağı təzyiqlə və keyfiyyətsiz təminatla üz-üzədirsə, bəs hansı “82 faiz”dən danışılırdı? Bu rəqəmlər hansı sənədlərə, hansı real ölçmələrə əsaslanırdı?
Cəmiyyət haqlı olaraq cavab gözləyir:
Bu fərqli rəqəmlərə kim və niyə məsuliyyət daşıyır?
Yanlış hesabat verən məmurlar cavabdehlik daşıyacaqmı?
Prezidentə təqdim olunan məlumatların dəqiqliyinə kim zəmanət verir?
Bir məsələ isə aydındır: rəqəmlərlə oynamaqla problemlər həll olunmur. Əksinə, bu cür yanaşma ölkə başçısını yanlış qərarlara sürükləyə, cəmiyyətlə dövlət arasında etimadı sarsıda bilər. İçməli su məsələsində isə bu cür məsuliyyətsizlik bağışlanmazdır.