Paytaxtın Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

V.Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın yaşadığı binanın qarajında odlu silahdan açılan atəş nəticəsində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun arvadı Fərqanə Kərimovanı ov silahı ilə güllələdiyi müəyyən edilib.

Kərimova xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalarla məlum olub ki, Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. V.Kərimov avtomobilində arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın avtomobildən düşüb qaçarkən V.Kərimov maşında olan ov tüfəngi ilə ona atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət iş başlanılıb, V.Kərimov saxlanılıb.

Xatırladaq ki, V.Kərimov Bakıda fəaliyyət göstərən “Referens” klinikasının Mərdəkan filialının direktoru olub.