Rusiyanın Xalq artisti Alla Puqaçovanın Moskvadakı dəbdəbəli mənzilinə görə külli miqdarda kommunal borcu yaranıb.

Ölkə.az xəbər verir ki, söhbət müğənninin 20 il əvvəl paytaxtın mərkəzində, Filippovski döngəsində aldığı beşotaqlı mənzildən gedir. Hazırda Kiprdə yaşayan sənətçinin 300 kvadratmetrdən çox sahəsi olan və Xilaskar Məsih kilsəsinə mənzərəsi açılan mənzilinin ödənişlərini dayandırdığı bildirilir.

Məlumata görə, Puqaçovanın ümumi borcu 100 min rubla (təxminən 1800 manat) yaxındır. Bu məbləğin 83 min rublu istilik və kommunal xidmətlərin, qalan hissəsi isə əsaslı təmir fonduna ödənilməli olan vəsaitin payına düşür.

Qeyd edək ki, Xalq artisti bu elitar mənzili 2004-cü ildə alıb. Hazırda daşınmaz əmlakın bazar dəyəri 500 milyon rubldan (təxminən 9 milyon manat) çox qiymətləndirilir. Mənzillə yanaşı, binada ulduzun iki avtomobil dayanacağı da var.

Borc xəbərlərinin fonunda Puqaçovanın 77 yaşını Kiprin Limassol şəhərində təmtəraqla qeyd etməyə hazırlaşdığı deyilir. Müğənni ad gününü ailə üzvləri ilə birlikdə digər müştərilər üçün qapalı olacaq restoranda keçirəcək. Həmin məkanda bir nəfər üçün orta hesabın 200-250 min rubl (təxminən 4500 manat) civarında olduğu bildirilir.