Ağdaş şəhərində küçə işıqlandırma sistemində yaranmış texniki nasazlıqların aradan qaldırılması istiqamətində genişmiqyaslı təmir-bərpa işləri davam etdirilir. İşlər Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən mərhələli şəkildə həyata keçirilir.

Aparılan monitorinqlər və texniki baxışlar zamanı şəhərin bir sıra küçə və prospektlərində işıqlandırma xətlərində nasazlıqlar, bəzi işıq dirəklərində texniki qüsurlar, eləcə də elektrik təchizatında fasilələr müəyyən edilib. Bununla bağlı aidiyyəti qurum tərəfindən operativ tədbirlərə başlanılıb.

Hazırda şəhərin əsas hərəkət istiqamətlərindən sayılan Heydər Əliyev prospektinin müəyyən hissəsində, həmçinin Səbuhi Səlimoğlu küçəsində mövcud olan problemlər aradan qaldırılıb. Təmir işləri çərçivəsində sıradan çıxmış işıqlandırma elementləri yenilənib, elektrik xətlərində bərpa işləri aparılıb və küçələrin işıqlandırılması əvvəlki vəziyyətindən daha da yaxşılaşdırılıb.

Görülən tədbirlər nəticəsində qeyd olunan ərazilərdə gecə saatlarında görünmə səviyyəsi artıb, piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi daha etibarlı hala gətirilib.

Bildirilib ki, hazırda şəhərin digər hissələrində də texniki baxış və təmir işləri davam etdirilir. Mövcud imkanlar çərçivəsində küçə işıqlandırma sisteminin tam şəkildə yenilənməsi və mövcud nasazlıqların mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur.

Qeyd edək ki, şəhərdə həyata keçirilən abadlıq və infrastruktur layihələrinin əsas məqsədi sakinlərin daha rahat, təhlükəsiz və işıqlı mühitdə yaşamalarını təmin etməkdir.







Xeberler.informasiya
