Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirlən şəxsə hökm oxunub.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən 50 yaşlı kişi 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, Şahvələd nikah dövründə dəfələrlə arvadına qarşı amansız rəftar edib, onun döyüb, eyni zamanda şəfər və ləyaqətini alçaldıb. 1998-ci ildən davam edən bu xoşagəlməz münasibətin sonunda qadın ötən il yaşadığı ünvanda özünü asıb.
Ən dəhşətlisi odur ki, qadın ərinin zorakı münasibətindən sonra bu yaşda boşanacağı halda el qınağı ilə üzləşəcəyindən çəkinib. Buna qədər isə Şahvələd arvadını hətta gəlininin yanında da döyüb.
Bundan başqa, ərinin toy məclislərinin birində müğənni qadınla yaxın münasibət nümayiş etdirməsi arvadına çox pis təsir edib. Şahidlərin sözlərinə görə, məsələ qısqanclıqdan ibarət olmayıb. Sadəcə, qadın Şahvlədin həmin hərəkətləri uşaqlarının və nəvəsinin gözü qarşısında etməsini qəbullana bilməyib.
O da məlum olub ki, hadisəyə qədər mərhum qadın şirniyyatçı kimi işləyib, lakin Şahvələd onun qazancına da göz tikib, pulu onun əlindən alıb.
Ölüm həddinə çatdırılan qadının telefona baxış zamanı onun Şahvələdə göndərdiyi səs yazısı aşkarlanıb:
“Bəsdir bu qədər, canım boğazıma yığılıb. Qərar vermişəm və mən boşanacam. Xahiş edirəm, məndən ayrıl, qoy, mən öz həyatımı yaşayım. Ancaq dərdin puldur, maldır, mülkdür, sən həyatda ailə nədir bilmirsən, mən güclə indiyə qədər sənə yalvara-yalvara ailə kimi dolanıb saxlamışam, amma canım boğaza yığılıb, səninlə yaşamaq istəmirəm. Bu otuz beş ildə mənə vermədiyin əzab-əziyyət qalmadı, axırda məni polisə də saldın, gör məni nə vəziyyətə gətirib çıxardın ki, mən polisə əl atıb ondan kömək istədim, məni aclıqla imtahana çəkməyə çalışdın, amma mən acından ölmədim, ancaq sənin əlindən öldüm. Məni o cür döyməyini mən heç kimə sübut edə bilmədim ki, sən mənə o cür əziyyət verirsən, məni döyürsən, mən bunu heç kimə sübut edə bilmədim, polislərə də heç nə sübut edə bilmədim, çünki sən mənim görünən yerimə vurmamışdın, boynumun dalına vurmuşdun, hicabı açıb onu polislərə göstərə bilmədim, eybi yox, əllərinə sağlıq, qürur duyarsan öldürdüyün qadın ilə…
Halaldı sənə… Hamını aldatmışam ki, işə gedirəm, iş adı ilə çıxmışam evdən, ancaq sadəcə, ölümə gedirəm. Yerimi də sənə deyim gəlib tapasan. Oradan meyitimi taparsan. Asmada görəcəksən, amma sadəcə bil ki, sənin əlindən mən özümü öldürdüm. Haqqımı sənə halal eləmirəm, çünki sən mənə bir tikə çörək verdinsə, onu mənim gözümdən gətirdin… Bunu da bil və agah ol ki, bu kəndiri sən mənim boğazıma saldın…”
Qadın növbəti səs yazısında fikrini qətiləşdirdiyini bildirib:
“Şahvələd sağ olsun, istədiyi arzuya, istədiyi məqama çatdı, kəndiri mənim bağazıma saldı. Kənddən gələndə qarşıma məqam qoydum ki, bundan ayrılacam. Həmişəki kimi gücüm çatmadı, ayrıla bilmədim. Şahvələddən ötrü həyatıma son qoydum, onunla yaşaya bilmirəm, gücüm çatmır daha, məzarımın başına da gəlməsin. Maaşım nə olsa, övladıma verərsiniz”.
Qeyd edək ki, Şahvələd İsmayılovdan prokurorluğua onun övladı şikayət edib. Övlad anasının ölümündə atasının günahkar olduğunu bildirib.
