“ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana olacaq səfəri regionda Vaşinqtonun mövqeyini nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu siyasi şərhçi Fərhad Məmmədov bildirib. Ekspert qeyd edib ki, Vensin səfəri bir neçə istiqamətdə şərh oluna bilər:
“İlk olaraq regional perimetrdə ABŞ Cənubi Qafqazda öz maraqlarını müəyyən edir və bu müstəvidə Bakı ilə İrəvana əsas tərəfdaş kimi baxır. Eyni zamanda regionda fəal olan digər oyunçulara mesaj verir ki, ABŞ burada aktiv rol oynayacaq. Cənubi Qafqazla Mərkəzi Asiyada ABŞ-ın fəaliyyəti sinxron aparılır. Bu da göstərir ki, başlanan proses uzunmüddətli strategiyanın tərkib hissəsidir və ardıcıl addımlar atılır”.
Fərhad Məmmədov vurğulayıb ki, ikinci məqam ABŞ-ın Bakı və İrəvanla ikitərəfli münasibətləridir:
“Təhlükəsizlik, siyasət, enerji və yüksək texnologiyalar sahəsində hər iki tərəf əməkdaşlığa meyllidir və bu, yaxın gələcəkdə konkret müqavilələrdə öz təsdiqini tapacaq”.

Ekspertin sözlərinə görə, üçüncü məqam isə Azərbaycanla Ermənistan arasında sülh prosesində ABŞ-ın yol-nəqliyyat istiqamətində birbaşa iştirakıdır:
“Regional, ikitərəfli və sülh prosesi istiqamətlərində ABŞ öz yeni rolunu müəyyən edir. Vitse-prezidentin səfəri də bunun dönməz və uzunmüddətli olduğunu göstərir”.
Fərhad Məmmədov vurğulayıb ki, keçən ilin avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ABŞ-ın regiondakı geosiyasətini dəyişib:
“Demokratlar dövründə bu coğrafiyaya Rusiyanın təsir dairəsi kimi baxılırdısa, Tramp bu anlayışı qəbul etməyib. ABŞ regionda aktivləşib, kommunikasiyalara nəzarət və idarəetməni prioritet seçib. Trampın həm Azərbaycan, həm də Ermənistana xüsusi münasibəti var”.
Ekspert qeyd edib ki, ABŞ Orta Asiyada da ciddi əməkdaşlıq formatı qurur və Cənubi Qafqazda yerləşməsini gücləndirməyi hədəfləyir. Bu isə onu göstərir ki, ABŞ artıq əhatə dairəsi anlayışından çıxıb və sərhədləri genişləndirib. Fərhad Məmmədov perspektivdə ABŞ-ın Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi-siyasi, hətta hərbi güc mərkəzinin yaradılmasını hədəfləyə biləcəyini vurğulayıb:
“Trampın siyasəti bu coğrafiyada özünə yaxın dövlətlər və regional güclərin mərkəzlərinin yaradılmasına yönəlib. Vensin regiona səfəri də bu siyasəti möhkəmləndirmək, konkret siyasi iradəni ortaya qoymaq və Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması üçün tərəfləri təşviq etmək məqsədi daşıyır”.
Siyasi şərhçi Natiq Miri isə ABŞ-ın Gürcüstana münasibətini belə şərh edib:
“ABŞ-ın Tiflislə münasibətləri son parlament seçkiləri ilə bağlı dəyişib. Həm Vaşinqtonun ehtiyatla yanaşması, həm də Tiflis-Rusiya yaxınlaşmasının səhnə arxasında gərginlik yaratması bu siyasətə təsir göstərir. Prezident Kavelaşvilinin açıqlamaları isə göstərir ki, Gürcüstan istənilən iqtisadi güzəştləri ABŞ qarşısında verməyə hazırdır”.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-11-də Cənubi Qafqaza səfər edəcək. O, fevralın 9–10-da Ermənistanda, fevralın 10–11-də isə Azərbaycanda olacaq. ABŞ administrasiyası səfərin məqsədini regionda sülh prosesini dəstəkləmək və uzunmüddətli dialoqu təmin etmək kimi açıqlayıb.
