Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Ferford (Fairford) aviabazasının ətrafında fövqəladə vəziyyət rejimi elan edilib.
Bu barədə bazanın yerləşdiyi Qlostersir qraflığının polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Partlayıcı maddələr haqqında Qanun”u pozmaqda şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı Uelford kəndinin bəzi sakinləri təxliyə edilib.
“Hazırda ordunun partlamamış sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssis qrupu bir neçə nəqliyyat vasitəsində baxış keçirir. Yerli sakinlər yaxınlıqdakı idman-əyləncə mərkəzinə təxliyə olunurlar”, – deyə polisdən bildirilib.
