5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü münasibətilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Mingəçevir şəhər Sukanal İdarəsində təntənəli tədbir keçirilmişdir. İdarənin inzibati binasında baş tutan tədbirdə rəhbərlik və kollektiv üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Mingəçevir şəhər Sukanal İdarəsinin rəisi Elmar Əhmədov açaraq su təsərrüfatı sahəsində çalışan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulamışdır. O, çıxışında su təchizatının insanların gündəlik həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bu sahədə çalışan əməkdaşların zəhmətinin daim yüksək qiymətləndirildiyini qeyd etmişdir.

İdarə rəisi daha sonra rəhbərlik etdiyi qurumun son illərdə əldə etdiyi uğurlar, həyata keçirilən layihələr və istehsalat fəaliyyəti zamanı qazanılan nailiyyətlər barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, artıq 12 ildir fəaliyyət göstərən Mingəçevir şəhər Sukanal İdarəsi şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, eləcə də kanalizasiya xidmətlərinin fasiləsiz təşkili istiqamətində mühüm işlər həyata keçirir.

Hazırda 172 nəfərdən ibarət kollektivlə fəaliyyət göstərən idarə şəhərin kommunal infrastrukturunun etibarlı şəkildə işləməsinə öz töhfəsini verməkdədir. Kollektiv üzvlərinin peşəkarlığı, məsuliyyəti və fədakar əməyi nəticəsində xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin operativ həlli və abonent məmnunluğunun artırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur.

Tədbirdə əmək fəaliyyətində fərqlənən, üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirən bir qrup əməkdaş idarə rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif edilmişdir. Mükafatlandırılan işçilərə göstərdikləri sədaqətli xidmətə və səmərəli fəaliyyətə görə minnətdarlıq ifadə olunmuşdur.

Çıxışlar zamanı vurğulanmışdır ki, su təsərrüfatı sahəsində çalışan əməkdaşların əməyi insanların rahat həyat şəraitinin təmin edilməsində mühüm rol oynayır. Məhz onların gecə-gündüz zəhməti nəticəsində şəhər əhalisi fasiləsiz su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmək imkanı əldə edir.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilmiş, daha sonra kollektiv tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilmişdir.

 

Tədbir çərçivəsində Mingəçevir şəhər Sukanal İdarəsinin fəaliyyətində xüsusi fərqlənən, üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən, kollektivin nümunəvi əməkdaşları kimi seçilən bir qrup işçi rəhbərlik tərəfindən təltif olunmuşdur. Təltif edilən əməkdaşlara təşəkkürnamələr təqdim edilmiş, onların idarənin inkişafına verdiyi töhfələr və səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, əldə edilən uğurların əsasında məhz zəhmətkeş və məsuliyyətli əməkdaşların fədakar əməyi dayanır. Rəhbərlik gələcəkdə də peşəkar fəaliyyəti və nümunəvi xidməti ilə seçilən işçilərin daim diqqət və qayğı ilə əhatə olunacağını vurğulamışdır.

Peşə bayramı münasibətilə keçirilən tədbir kollektiv üzvlərində yüksək əhval-ruhiyyə yaratmış, onların gələcək fəaliyyətlərinə əlavə stimul vermişdir.

Esmira Hidayətova, Mingəçevir