Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının Mingəçevirdə keçirilən rəsmi açılış mərasimi təkcə idman ruhu ilə deyil, həm də zəngin mədəni çalarları ilə yadda qaldı.

Aprelin 28-də baş tutan açılış tədbirində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən proqram çərçivəsində şəhər ictimaiyyəti, gənclər, tələbələr və qonaqlar möhtəşəm paradı böyük maraqla izlədilər.

Bu möhtəşəm tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin nümayəndələri, xüsusilə Mingəçevir şəhər musiqi məktəbinin müəllim və tələbələri fəal iştirak edərək açılışa xüsusi rəng qatdılar. Onların təqdim etdiyi musiqi nömrələri tədbirə fərqli ovqat bəxş edərək idmanla incəsənətin vəhdətini bir daha nümayiş etdirdi.

Açılış mərasimində səslənən musiqilər, ifalar və kompozisiyalar iştirakçılar və tamaşaçılar tərəfindən böyük alqışla qarşılandı. Bu çıxışlar həm milli musiqi irsimizin təbliği, həm də gənc istedadların təqdimatı baxımından xüsusi əhəmiyyət daşıdı.

Beləliklə, Mingəçevirdə keçirilən “Prezident Kuboku-2026” yalnız beynəlxalq idman yarışı kimi deyil, eyni zamanda mədəniyyət və incəsənətin də təntənəli şəkildə nümayiş olunduğu əlamətdar hadisə kimi yadda qaldı.

Esmira Hidayətova, Mingəçevir