Ümummilli Lider Heydər Əliyev-in anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasına təntənəli şəkildə start verilib. İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə – Ağdərə rayonunun ərazisində yerləşən Sərsəng su anbarı-nda təşkil olunan bu mötəbər idman tədbiri həm idman, həm də tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimi yüksək səviyyədə təşkil olunub və tədbirdə dövlət rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, eləcə də xarici ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər. Xüsusilə qeyd olunmalıdır ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov də tədbirdə fəal iştirak edərək bu mötəbər idman bayramına öz dəstəyini nümayiş etdirib. Onun tədbirdə iştirakı regionda ali təhsil müəssisələrinin ictimai və idman həyatına verdiyi töhfənin bariz nümunəsi kimi diqqət çəkib.

Tədbirdə çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, reqatanın ilk dəfə məhz Sərsəng su anbarında keçirilməsi böyük qürur hissi doğurur və bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həmin bölgələrdə həyatın bütün sahələr üzrə bərpasının göstəricisidir.
Daha sonra proqram çərçivəsində müxtəlif növ qayıqçılıq üzrə – akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları təqdim olunub, ilk yarışlara start verilib. Eyni zamanda iştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlərin su üzərində nümayişi tədbirə xüsusi rəng qatıb və izləyicilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, “Prezident Kuboku-2026” beynəlxalq reqatasının son mərhələsi 30 aprel – 1 may tarixlərində Kür Olimpiya Tədris-İdman Mərkəzi-də keçiriləcək və yarışa mayın 1-də yekun vurulacaq. Bu mötəbər idman tədbiri Azərbaycanın beynəlxalq idman arenalarında artan nüfuzunun və idmana göstərilən dövlət qayğısının növbəti təzahürü kimi yadda qalacaq.
Esmira Hidayətova, Ağdərə
