Məşhur müğənni İbrahim Tatlıses öd kisəsi əməliyyatından sonra xəstəxanadan çıxarkən mirası ilə bağlı verdiyi qalmaqallı açıqlama ilə gündəmə gəlib.

Sənətçi bütün sərvətini dövlətə bağışladığını elan edib.

Xəstəxanadan çıxarılan “İmperator” jurnalistlərə açıqlamasında övladlarına heç nə saxlamayacağını kəskin şəkildə ifadə edib:

“Heç kimə bir qəpik də yoxdur. Mirasımı dövlətə verdim. Bəzilərinin ucbatından digərləri də məhrum qaldı. Bu pulu mənə atam qoymayıb, özüm qazanmışam. Necə paylayıram, kimə nə? Onlara əslində çox böyük miras qoymuşam, amma fərqində deyillər. “İbrahim Tatlıses” adı onlara çox qapılar açır, sadəcə istifadə etməyi bacarmadılar”.

Xatırladaq ki, İbrahim Tatlısesin xüsusilə böyük oğlu Ahmet Tatlıses və qızı Dilan Çıtak Tatlıses ilə münasibətləri son illərdə olduqca gərgindir. Tərəflər arasında yaşanan münaqişələrin bir hissəsinin məhkəmə müstəvisinə keçdiyi də məlumdur. Görünür, sənətçinin bu son qərarı ailə daxili çəkişmələrin nöqtəsi olacaq.

Sağlamlıq vəziyyəti stabildir
Öd kisəsi əməliyyatı keçirən və bir müddət reanimasiyada qalan 74 yaşlı sənətçinin hazırda vəziyyətinin yaxşı olduğu və müalicəsinin ev şəraitində davam edəcəyi bildirilir.