ABŞ-a səfər edən xarici turistlərin sayı azalır – 2025-ci ildə göstərici 2024-cü illə müqayisədə 5,5% aşağı düşüb.

Bu barədə “The Independent” nəşrinin məlumatına istinadən Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) yeni araşdırmasında bildirilir. ABŞ hələ də dünyanın ən böyük turizm bazarı olaraq qalır, lakin xarici turistlərin xərcləri 4,6% azalaraq 176 milyard dollara düşüb.

Bəzi ölkələrdən ABŞ-a səfərlərin 1,7 milyon artımı qeydə alınsa da, bu artım digər istiqamətlərdən 5,7 milyon səfərlik azalma ilə kompensasiya olunub. Nəticədə ümumi turist axını təxminən 4 milyon nəfər azalıb. Ən böyük azalma Kanadadan qeydə alınıb – 4,2 milyon səfər azalıb. Daha sonra Almaniya (225 min azalma), Hindistan (130 min azalma) və Fransa (116 min azalma) gəlir.

WTTC qeyd edir ki, bu tendensiya qlobal turizmin ümumi artımı fonunda baş verir: 2025-ci ildə xaricə səyahət edənlərin sayı əvvəlki illə müqayisədə 80 milyon nəfər artıb. Bu isə turistlərin ABŞ əvəzinə digər istiqamətləri seçdiyini göstərir.

Təşkilatın qiymətləndirməsinə görə, ABŞ turizm imicinin zəifləməsi səbəbindən sektorun inkişafında “dönüş nöqtəsi” ilə üzləşib. Həmçinin Çinlə rəqabətdə liderlik risk altına düşə bilər – Çin ikinci ən böyük turizm bazası kimi sürətlə inkişaf edir.

Məlumata əsasən, Çində turizmin ÜDM-ə töhfəsi 2025-ci ildə 1,75 trilyon dollara çatıb (9,9% artım). Sektorda məşğulluq 84,6 milyon nəfərə yüksəlib (+2%). Xarici turist xərcləri isə 10,5% artaraq 135 milyard dollara çatıb. Ümumilikdə ölkəyə təxminən 150 milyon xarici turist səfər edib. ABŞ isə 68 milyon xarici turist qəbul edib. WTTC bildirir ki, bu fərq Asiya-Sakit okean regionunun turizmdə ən dinamik sahəyə çevrildiyini göstərir.

WTTC prezidenti və baş icraçı direktoru Qloriya Qevara bildirib ki, ABŞ turizm ölkəsi kimi imicini dəyişməli və böyük beynəlxalq tədbirlərdən istifadə etməlidir. Onun sözlərinə görə, futbol üzrə dünya çempionatı kimi tədbirlər 1,24 milyon xarici turisti cəlb edə bilər. O, həmçinin ABŞ-ın daha açıq və qonaqpərvər imic formalaşdırmasının vacibliyini vurğulayıb.

Turizm sektorunun ABŞ iqtisadiyyatına töhfəsi 2025-ci ildə 20,4 milyon iş yeri olub ki, bu da ötən illə müqayisədə 242 min nəfər (1,2%) artım deməkdir. WTTC bunu müsbət göstərici kimi qiymətləndirir və gələcək beynəlxalq tədbirlərin ölkənin turizm potensialını gücləndirəcəyini bildirir.

“Chase Travel” şirkətinin baş direktoru Ceyson Vinn isə 2028-ci ilədək ABŞ-ın bir sıra beynəlxalq tədbirlər sayəsində daha çox turist qəbul edəcəyini və bunun ölkələr arasında mədəni əlaqələri gücləndirəcəyini qeyd edib.