11.04.2026-cı il tarixində Gəncə şosesi, daş bazarı yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi bir daha sürücülərin məsuliyyətsiz davranışının acı nəticələrini ortaya qoydu.

Hadisə zamanı idarəetməni itirən sürücü avtomobili yolun kənarına çıxararaq birbaşa yaşıllıq ərazisinə daxil olub. Nəticədə əraziyə çəkilmiş təxminən 13 metr uzunluğunda yaşıl dəmir setka tamamilə əzilərək yararsız vəziyyətə salınıb.

Əldə olunan məlumatlara görə, qəza nəticəsində təkcə maddi ziyanla kifayətlənməyib, eyni zamanda şəhərin ekoloji mühitinə də ciddi zərər dəyib. Yaşıllıq sahəsinin bu şəkildə məhv edilməsi ictimai narazılığa səbəb olub.

Sakinlər bildirir ki, sözügedən ərazidə tez-tez sürət həddinin aşılması halları müşahidə olunur, lakin buna qarşı yetərli nəzarət tədbirləri görülmür. Bu isə oxşar hadisələrin təkrarlanmasına zəmin yaradır.

Hadisə ilə bağlı aidiyyəti qurumların hansı tədbirləri görəcəyi və dəymiş ziyanın kim tərəfindən qarşılanacağı isə hələ də açıq qalır.
Bir daha sual yaranır: Bu cür hadisələr nə vaxta qədər davam edəcək və məsuliyyətsiz sürücülərə qarşı real tədbirlər nə zaman görüləcək?
