Aprel döyüşlərində öz şücaəti ilə tanınan, düşmənə layiqli zərbələr endirən Adil Adilzadənin ailəsi ziyarət olunub.

Aprelin 10-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə aparatın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Hərbi komissarın, Bələdiyyə sədrinin iştirakı ilə Aprel döyüşləri zamanı həlak olan şəhid Adil Adilzadənin ailəsi ziyarət olunub.

Şəhər rəhbəri İlham İsmayılov Adil Adilzadəyə, Aprel şəhidlərinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək, şəhid ailələrinə səbir arzulayıb.
Ailəni evində ziyarətə gələn İlham İsmayılov qeyd edib ki, şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur və təbii ki, bu cənab Prezidentimizin tapşırığıdır. Mingəçevirdən olan 4 Aprel şəhidinin ailəsinin mənzil problemləri öz həllini tapıb. İki ailəyə yeni mənzil verilib, iki ailəyə isə yeni mənzil inşa olunub və hər bir ailəyə öz evlərində sağlıqla, şad günlərlə yaşamağı diləyirik.

Şəhidin valideyinləri ilə səmimi söhbət zamanı valideyinlər onlara göstərilən dövlətin diqqət və qayğısından söz açıblar. Bildiriblər ki,sizlərin hər zaman bizim yanımızda olmağınız özü böyük fəxarətdir. Şəhid anası bildirib ki,o, bir oğul itiribsə min oğul qazandığını deyib.Bu günkü görüşdən də məmnun olduqlarını bildiriblər.
Görüşdə qonaqlar Aprel döyüşləri, Vətən müharibəsi ilə bağlı xatirələrini, xalq birliyinin, vəhdətinin qalib gəldiyini fərəhlə bildiriblər.

Görüş zamanı şəhidin ailəsinə İcra Hakimiyyətinin adından ərzaq bağlaması verilib.
Qeyd edək ki,bundan öncə şəhid Teymur Qasımovun ailəsi ziyarət olunub daha sonra Rüstəm Əhmədovun və Rahim Tağıyevin də ailələri ziyarət olunacaqdır.
Esmira Hidayətova, Mingəçevir
