Mingəçevir şəhərinin Az.DRES qəsəbəsində abadlıq-quruculuq işləri ardıcıl şəkildə davam etdirilir və cari ilin tədbirlər planına uyğun olaraq yeni layihələrin icrasına start verilir. Görülən işlər qəsəbənin infrastrukturunun yaxşılaşdırılması, yaşayış şəraitinin daha da yüksəldilməsi və sakinlərin gündəlik rahatlığının təmin olunması məqsədi daşıyır.

Sevindirici haldır ki, ölkə başçısının tapşırığı əsasında elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əlavə abadlıq işlərinin aparılacağı 5 rayon və şəhər sırasında Mingəçevir də yer alıb. Bu qərar şəhərin inkişafına verilən diqqətin daha bir göstəricisi kimi qiymətləndirilir.

Bu gün keçirilən görüş zamanı müvafiq qurumlar arasında razılaşma əldə olunub. Qərara əsasən, Az.DRES qəsəbəsində yerləşən yumşaq dam örtüyünə malik bütün çoxmənzilli yaşayış binalarının dam örtükləri tamamilə yenilənəcək. Bu isə xüsusilə yağışlı və qarlı havalarda yaranan problemlərin aradan qaldırılmasına, binaların dayanıqlılığının artırılmasına və sakinlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.

Görüş zamanı sakinlərin müraciət və təklifləri də diqqətlə dinlənilib, onları narahat edən məsələlər qeydiyyata alınıb. Şəhər rəhbəri aidiyyəti qurumların nümayəndələrinə vətəndaşlar tərəfindən qaldırılan problemlərin nəzarətə götürülməsini, yerində araşdırmalar aparılmasını və qısa müddətdə həllini təmin etməyi tapşırıb.

Sonda isə verilən tapşırıqların icrasında məsuliyyətli yanaşmanın vacibliyi vurğulanıb və həyata keçirilən işlərin davamlı olacağı bildirilib.

Esmira Hidayetovaz Mingəçevir
