2026-cı il 9 aprel tarixində Mingəçevir Dövlət Universiteti ilə Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənəd iki ali təhsil müəssisəsi arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Memorandum çərçivəsində tərəflər birgə elmi tədqiqatların aparılması, müəllim, tələbə və inzibati heyət mübadiləsinin təşviqi, eləcə də konfranslar, simpoziumlar və qısamüddətli təlim proqramlarının təşkili istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, innovativ tədris və idarəetmə təcrübələrinin paylaşılması, birgə təhsil proqramlarının həyata keçirilməsi və elmi-metodik nəşrlərin mübadiləsi də prioritet istiqamətlər sırasındadır.
Qeyd edək ki, MDU-nun rektorunun Tədrisin təşkili və idarə olunması məsələləri üzrə müşaviri Ceyhun Mahmudov və iqtisadi məsələlər üzrə müşaviri Xaqani Cəfərov əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə Daşkənd Dövlət İqtisad Universitetinə səfər ediblər. Bu səfər çərçivəsində imzalanan Memorandum gələcək birgə təşəbbüslər üçün mühüm hüquqi baza rolunu oynayacaq.
