Hörmətli Mingəçevir sakinləri!
Tariximizin şanlı səhifələrindən biri olan Aprel döyüşlərinin ildönümünü dərin ehtiram və qürur hissi ilə yad edirik. Bu qəhrəmanlıq salnaməsi Azərbaycan əsgərinin yenilməz iradəsinin, xalqımızın vətənə bağlılığının və milli birliyinin parlaq təcəssümüdür.
2016-cı ilin aprel ayında rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Bu şanlı qələbə sonrakı böyük Zəfərin – Vətən müharibəsində əldə olunan tarixi qələbənin başlanğıcı oldu. Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq və hər zaman öz haqqını bərpa etmək gücündədir.
Bu əlamətdar gündə şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu gün biz müstəqil, güclü və qalib Azərbaycanın vətəndaşlarıyıq.
Mingəçevir şəhəri olaraq biz hər zaman şəhid ailələrinin və qazilərimizin yanında olmuşuq və bundan sonra da onların qayğıları ilə yaxından maraqlanmağa davam edəcəyik. Bu, bizim həm vətəndaşlıq, həm də mənəvi borcumuzdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Qürurla deyirik: Qarabağ Azərbaycandır!
Hörmətlə,
Anar İsmayılov
Mingəçevir şəhər bələdiyyəsinin sədri
