Mingəçevir şəhərində dövlət və bələdiyyə qurumlarında antikorrupsiya davranış modelinin formalaşdırılması istiqamətində növbəti maarifləndirici tədbir təşkil olunub. Tədbir Mingəçevir şəhər Bələdiyyəsinin inzibati binasında baş tutub.
Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Mehman Şükürov, şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, sədr müavini Ədalət Quliyeva, eləcə də şəhər Prokurorluğunun müstəntiqi Fərid Babayev iştirak ediblər.


Tədbirin əsas məqsədi dövlət və bələdiyyə orqanlarında, həmçinin dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud səhmlərinin nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus hüquqi şəxslərdə çalışan əməkdaşlar arasında antikorrupsiya davranış qaydalarının təşviqi, bu sahədə aparılan işlərin gücləndirilməsi və cəmiyyətdə məlumatlılığın artırılması olub.
Çıxış edənlər korrupsiyaya qarşı mübarizənin yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda maarifləndirmə, tədris və ictimai nəzarət vasitəsilə daha effektiv həyata keçirildiyini vurğulayıblar. Bildirilib ki, bu istiqamətdə keçirilən təlim və maarifləndirici tədbirlər dövlət qurumlarında şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə və etik davranış standartlarının formalaşmasına mühüm töhfə verir.


Tədbir çərçivəsində iştirakçılara korrupsiya hüquqpozmalarının qarşısının alınması, etik davranış qaydalarına riayət olunması və bu sahədə mövcud qanunvericilik tələbləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd olunub ki, bu kimi tədbirlərin davamlı təşkili dövlət və bələdiyyə strukturlarında sağlam idarəetmə mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.