Aprel ayının 2-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan çempionatında qalib olan şahmatçılarla görüşüb.

3 nömrəli tam orta məktəbin şagirdləri, Uşaq Gənclər Şahmat Məktəbinin yetirmələri Mehriban Elmar qızı Əhmədlı və Zəhra Məhərrəm qızı Allahverdi mart ayında Gəncə şəhərində şahmat üzrə keçirilən Azərbaycan çempionatında qalib olublar.

Yeniyetmə şahmatçıların qazandıqları uğurlara görə təbrik edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idmanın inkişafından, o cümlədən şahmat sahəsində qazanılan uğurlardan danışıb. Dünyanın ayrı-ayrı ölkələrində keçirilən Beynəlxalq və Azərbaycan birinciliklərində öz inamlı qələbələri ilə uğur qazanan, Azərbaycanın üç rəngli bayrağının yüksəklərə qaldırılmasına nail olan idmançılarımızın qələbələrindən söz açıb. Zəhranın və Mehribanın da öz qələbələri ilə müəllimlərini və valideynlərini sevindirmələrini qeyd edərək bütün bunların Mingəçevirin idman sahəsində olan nailiyyət olduğunu bildirib onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Şahmatçıların məşqçi müəllimi Hafiz Kərimov, məktəbin direktoru Çinarə Təhməzova, valideyn Elsevər Allahverdi diqqət üçün minnətdarlıqlarını bildiriblər. Zəhra və Mehriban keçdikləri yarışlardan, qazandıqları qələbələrdən danışıblar

Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaliblərə və məşqçi müəllimə hədiyyələr təqdim edərək yeni-yeni uğurlar arzulayıb.

Esmira Hidayətova, Mingəçevir