“Tarixdə elə günləri var ki, onlar sadəcə təqvimdə qeyd olunan tarix deyil, bir xalqın ruhuna yazılmış əbədi izdir. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü məhz belə günlərdəndir. Bu tarix xalqımızın yaddaşında yalnız kədər və hüznlə deyil, həm də milli iradə, tarixi həqiqət və ədalət duyğusu ilə yaşayır. Bu gün hər bir azərbaycanlının qəlbində keçmişin ağrısı ilə yanaşı, gələcəyə yönələn güc və qətiyyət də yenidən doğulur”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı deyib.
Deputat bildirib ki, XIX əsrin əvvəllərindən etibarən xalqımıza qarşı həyata keçirilən məqsədli siyasət, əslində, bir millətin tarixi yaddaşını silmək, onu öz doğma torpaqlarından uzaqlaşdırmaq niyyətinə xidmət edirdi: “Regionun etnik xəritəsini süni şəkildə dəyişdirmək, yerli türk-müsəlman əhalini sıxışdırmaq, tarixi izləri məhv etmək xətti sonrakı onilliklərdə daha sistemli və daha qəddar xarakter aldı. Bu siyasətin arxasında dayanan saxta “Böyük Ermənistan” iddiası bölgəni uzun illər qan, göz yaşı və faciə ilə üz-üzə qoydu.
1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr isə bu qanlı siyasətin ən dəhşətli zirvəsi oldu. Bakıdan Şamaxıya, Qubadan Qarabağa, Zəngəzurdan Naxçıvana qədər uzanan geniş coğrafiyada dinc insanlar amansızcasına qətlə yetirildi. Yandırılan kəndlər, viran qoyulan şəhərlər, dağıdılan məscidlər və tarixi abidələr yalnız maddi irsə deyil, bir xalqın mənəvi ruhuna vurulan zərbə idi. Şamaxıda, Qubada, Qarabağda və digər bölgələrdə yaşanan dəhşətlər bir daha göstərdi ki, məqsəd sadəcə insanları məhv etmək deyil, xalqın keçmişini, yaddaşını və gələcəyini hədəfə almaq idi.
Bu ağrılı tarix sonrakı dövrlərdə də davam etdi. İrəvan quberniyasında, Zəngəzurda, Qərbi Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən deportasiyalar, kütləvi qırğınlar və tarixi-mədəni irsin silinməsi soyqırımı siyasətinin davamlı mahiyyətini ortaya qoydu. Yüzlərlə yaşayış məntəqəsinin xəritədən silinməsi, dini məkanların dağıdılması və abidələrin məhv edilməsi xalqın yaddaşına qarşı yönəlmiş mənəvi terror idi”.
Deputat əlavə edib ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu faciələrə dövlət səviyyəsində verilən ilk hüquqi-siyasi qiymət kimi tarixə həkk olundu: “Bu sənəd təkcə keçmişin ağrılarını rəsmiləşdirmədi, həm də həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün yeni strateji mərhələnin əsasını qoydu. O gündən etibarən 31 Mart artıq yalnız anım günü deyil, həm də tarixi həqiqət uğrunda ideoloji mübarizənin simvoluna çevrildi.
Qubada 2007-ci ildə aşkarlanan kütləvi məzarlıq bu həqiqətlərin ən sarsıdıcı və inkaredilməz sübutlarından biri oldu. Bu tapıntı göstərdi ki, xalqımıza qarşı törədilən cinayətlər təsadüfi deyil, planlı və sistemli xarakter daşıyıb. Bu gün Quba Soyqırımı Memorial Kompleksi həmin həqiqətlərin yaşadıldığı müqəddəs ünvanlardan biridir. Burada nümayiş etdirilən arxiv sənədləri, arxeoloji materiallar və maddi sübutlar ziyarətçilərə faciənin real miqyasını bütün ağırlığı ilə hiss etdirir.
Bu gün Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi zəfərlər 31 Mart qurbanlarının ruhuna verilən ən böyük mənəvi cavabdır. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası ilə nəticələnən antiterror tədbirləri xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Vaxtilə xalqımıza qarşı yönələn işğal və separatizm siyasəti bu gün tarixə qovuşdu.
Bu zəfərlər yalnız hərbi uğur deyil, həm də tarixi ədalətin təntənəsidir. Şəhidlərin qanı, soyqırımı qurbanlarının naləsi, didərgin düşmüş insanların göz yaşları bu gün azad Qarabağda, Şərqi Zəngəzurda yenidən qurulan həyatla təsəlli tapır. Yenidən yanan ocaqlar, dalğalanan bayraqlar, doğma torpaqlara qayıdan ailələr 31 Mart şəhidlərinin ruhuna ən böyük təsəllidir”.
