Qırğızıstanda açıq hərrac yolu ilə bir neçə hava gəmisinin satışa çıxarıldığı açıqlanıb.

Ölkə.az xəbər verir ki, hərracı təşkil edən qurum “Qırğızıstan Hava Limanları” ASC-nin Oş filialıdır.

Məlumata görə, satışa ümumilikdə 8 təyyarə çıxarılıb. Onların arasında bir ədəd An-12 və bir neçə An-2 modeli yer alır. Təyyarələrin texniki vəziyyəti isə ciddi fərqlənir.

Ən yüksək start qiyməti məhz An-12 üçün müəyyən edilib – 2 milyon 421 min som (təxminən 28 min dollar). Ən ucuz lotlar isə bir neçə An-2 təyyarəsidir – onların başlanğıc qiyməti cəmi 233 min som (təxminən 2,66 min dollar) təşkil edir.

Digər hava gəmilərinin qiyməti isə vəziyyətindən asılı olaraq 311 min ilə 373 min som arasında dəyişir.

Hərrac sənədlərində qeyd olunur ki, satışa çıxarılan təyyarələrin əksəriyyəti ciddi aşınmaya məruz qalıb. Bəzi nümunələrdə mühərriklərin, qanadların və gövdə elementlərinin olmadığı, həmçinin zədələr və korroziya izlərinin olduğu bildirilir.

Hərrac 27 aprel 2026-cı ildə Oş hava limanında keçiriləcək, iştirak üçün müraciətlər isə 24 aprelə qədər qəbul ediləcək.(musavat)