Belarus Prezidenti Aleksandr Lukaşenko Litva nömrə nişanlı nəqliyyat vasitələrinin ölkədən çıxışına icazə verib.

Bu barədə  Belarus Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat verib.

“Dövlət başçısı Litva və Polşa daşıyıcılarının müraciətinə baxdıqdan sonra Litvada qeydiyyatdan keçmiş yük nəqliyyat vasitələrinin yola düşməsinə icazə vermək qərarına gəlib”, – bəyanatda bildirilir.

Lukaşenko 20 martda Litva qeydiyyatlı yük maşınları ilə bağlı “həftəsonu” qərar verəcəyinə söz vermişdi .

Ötən ilin oktyabrın 29-da Litva, ölkənin hava məkanında tez-tez hava şarlarının görünməsini əsas gətirərək, Belarusla sərhədini bir ay müddətinə bağlamaq qərarına gəlib . Vilnüs hava şarlarının qaçaqmalçılıq üçün istifadə edildiyini və mülki təyyarələr üçün təhlükə yaratdığını iddia edir. Buna cavab olaraq, Belarus Litva və Polşada qeydiyyatdan keçmiş yük maşınlarının öz ərazisindən keçməsini qadağan etmişdi.