“Müasir dünya getdikcə daha mürəkkəb və ziddiyyətli mərhələyə qədəm qoyur. Beynəlxalq münasibətlər sistemində uzun illər formalaşmış dəyərlər və prinsiplər sarsılır, beynəlxalq hüquq isə getdikcə daha çox güc siyasətinin təsiri altına düşür. Bu reallıq qlobal təhlükəsizlik sistemində ciddi boşluqlar yaradır və dünya siyasətində “cəngəllik qanunları”nın üstünlük qazandığı yeni bir dövrün formalaşdığını göstərir”.

Bunu  Milli Məclisin deputatı Elnarə Akimova “Dəyişən dünyada parçalanmaların aradan qaldırılması” mövzusunda öz işinə başlayan Qlobal Bakı Forumunun XIII toplantısının əhəmiyyətini şərh edərkən deyib.
Deputat deyib ki, belə bir mürəkkəb və qeyri-müəyyən şəraitdə dialoq, əməkdaşlıq və çoxtərəfli münasibətlər hər zamankından daha böyük əhəmiyyət kəsb edir: “Məhz bu səbəbdən son illərdə Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış xarici siyasəti nəticəsində Bakı təkcə regionun deyil, həm də qlobal miqyasda müzakirə və dialoq mərkəzlərindən biri kimi tanınır.

Bu gün Bakıda keçirilən və artıq ənənəyə çevrilmiş Qlobal Bakı Forumunun XIII toplantısı da məhz bu missiyaya xidmət edir. “Dəyişən dünyada parçalanmaların aradan qaldırılması” mövzusu ilə təşkil olunan forum müasir beynəlxalq münasibətlər sistemində artan qarşıdurmalar və geosiyasi parçalanmalar fonunda xüsusi aktuallıq daşıyır.

Forumun miqyası və iştirakçıların tərkibi Azərbaycanın qlobal dialoq platforması kimi nüfuzunu bir daha təsdiqləyir. Dünyada bir çox uçuşların ləğv olunduğu və səyahət məhdudiyyətlərinin artdığı bir dövrdə belə, təxminən 400 beynəlxalq iştirakçının Bakıda bir araya gəlməsi bu platformaya olan yüksək etimadı nümayiş etdirir. Bu, həm də Azərbaycanın regionun əsas diplomatik mərkəzlərindən biri kimi qəbul edildiyini göstərən mühüm göstəricidir”, – o vurğulayıb.

Deputat qeyd edib ki, Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq sistemdə təhlükəsizlik və sabitliyin əsas prioritet olaraq qalmalı olduğunu vurğulayib:

“Dövlət başçısının sözlərinə görə, təhlükəsizlik olmadan digər bütün səylər və təşəbbüslər mənasız qalır. Bu fikir əslində bu gün dünyanın üzləşdiyi reallığı çox dəqiq şəkildə əks etdirir. Çünki müasir dövrdə müharibələr, regional münaqişələr, humanitar böhranlar və enerji təhlükəsizliyi məsələləri qlobal gündəliyin əsas mövzularına çevrilib.
Azərbaycanın öz tarixində yaşadığı təcrübə də bu mövqenin formalaşmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan uzun illər beynəlxalq diqqətin və ədalətli yanaşmanın çatışmazlığından əziyyət çəkib. Ölkə ərazisinin 20 faizinin işğal altında qalması, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi beynəlxalq münasibətlər sistemində selektiv yanaşmanın bariz nümunəsi idi.
Lakin Azərbaycan bu çətin mərhələni arxada qoyaraq regionda yeni reallıq formalaşdırdı. Bu gün isə Bakı təkcə regional sabitliyin təmin edilməsində deyil, həm də qlobal dialoq mühitinin yaradılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin çıxışında Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar da diqqət çəkdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün sülh yalnız sənədlər üzərində deyil, real həyatda hiss olunmalıdır. Artıq sərhədlərdə atəş səslərinin kəsilməsi, humanitar və iqtisadi əlaqələrin bərpası regionda yeni əməkdaşlıq mərhələsinin formalaşdığını göstərir.

Azərbaycanın qlobal dialoq platformasına çevrilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi rol oynayır. Onun rəhbərlik etdiyi humanitar və mədəni təşəbbüslər, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq edən layihələr Azərbaycanın dünyada tolerantlıq və humanizm dəyərlərinin daşıyıcısı kimi tanınmasına mühüm töhfə verib.

Məhz bu siyasət nəticəsində Bakı bu gün müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və siyasi baxışların görüşdüyü nadir platformalardan birinə çevrilib. Qlobal Bakı Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlər bu istiqamətdə aparılan siyasətin real nəticələridir”.

Deputat hesab edir ki, bu nəticə etibarilə, Azərbaycanın həyata keçirdiyi diplomatik və humanitar siyasət göstərir ki, qlobal böhranlar və geosiyasi qarşıdurmalar fonunda dialoq və əməkdaşlıq alternativsiz yol olaraq qalır. “Bakı isə bu dialoqun qurulduğu və sivilizasiyalar arasında körpülərin yaradıldığı mühüm mərkəzlərdən biri kimi beynəlxalq münasibətlər sistemində öz yerini getdikcə daha da möhkəmləndirir”, – deyə deputat bildirib.