ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan sonra Qərbi Avropada yerləşən bir radioötürücü müəmmalı siqnallar yaymağa başlayıb. Mənbələrin fikrincə, bu, məlumat ötürmək üçün istifadə olunan şifrəli rabitə ola bilər.

“Financial Times” qəzeti amerikalı kəşfiyyat mənbələrinə istinadən yazır ki, ABŞ-ın bu üsulla İran daxilindəki agentləri ilə əlaqə saxlaması ehtimalı istisna edilmir.

Nəşrin mənbələrinə görə, siqnal fars dilində səslənən “Diqqət!” sözündən başlayır. Bundan sonra isə belə bir rəqəm ardıcıllığı səsləndirilir: altı, dörd, sıfır, doqquz, üç, doqquz. Yayım İran vaxtı ilə gündə iki dəfə – səhər saat 05:30-da və axşam 21:30-da efirə çıxır.

Yaxın Şərqdə münaqişə başlayandan bir neçə gün sonra yayım güclü radio maneələri ilə kəsilib. Ehtimal edilir ki, İran tərəfi siqnalı bu yolla boğmağa çalışıb. Lakin qısa müddət sonra naməlum səs başqa tezliyə keçərək eyni rəqəm ardıcıllığını ötürməyə davam edib.