2025-ci ildə Avropa İttifaqında, eləcə də Norveç və İsveçrədə sığınacaq almaq üçün edilən müraciətlərinin sayı əvvəlki illə müqayisədə 19% azalıb.

Bu məlumatlar Avropa Sığınacaq Agentliyinin (EUAA) illik hesabatında təqdim olunur.

Agentliyin məlumatına görə, 2025-ci ildə Aİ və tərəfdaş ölkələrdə təxminən 822.000 müraciət qeydə alınıb. Ərizələrin sayına görə, Əfqanıstandan olanlar (117.000) liderlik edib. İkinci ən çox müraciət (91.000) edən Venesuela vətəndaşlarına məxsusdur. Suriyadan isə 42.000 nəfər Aİ-yə sığınmaq istəyib.

Almaniyada sığınacaq müraciətlərinin sayı 2024-cü ildən 2025-ci ilə qədər 31% azalıb, lakin ölkə qaçqınlar üçün cəlbediciliyə görə Avropa lideri olaraq qalır və sığınacaq axtaranların təxminən 20%-ni və ya 163.000 nəfərini təşkil edir. Almaniyadan sonra Fransa (152.000) və İspaniya (143.000) gəlir.

Agentlik Avropada qaçqınların sayının əhəmiyyətli dərəcədə azalmasını Suriyadakı hökumət dəyişikliyi ilə əlaqələndirir, çünki suriyalılar 2025-ci ildə əvvəlki ilə nisbətən 72% az müraciət təqdim ediblər. Bu azalma həm də Aİ-nin miqrasiya siyasətinin sərtləşdirilməsi ilə əlaqələndirilir.

Daha əvvəl Avropa Daxili İşlər və Miqrasiya üzrə Komissarı Maqnus Brunner 2025-ci ili Avropa miqrasiya siyasəti üçün uğurlu il adlandırmışdı. O qeyd etmişdi ki, Aİ miqrasiya qanunvericiliyində islahatları ardıcıl olaraq irəli aparıb və qanunvericilik paketinin əsas müddəalarını həyata keçirib. Buraya xarici sərhədlərin qorunmasının gücləndirilməsi və prosedurların sürətləndirilməsi daxil idi.

2025-ci ildə Avropa Komissiyası ilk dəfə olaraq müraciətləri sürətləndirilmiş proses çərçivəsində baxılan “təhlükəsiz” mənşəli ölkələrin siyahısını qəbul edib. Siyahıya Banqladeş, Kolumbiya, Misir, Hindistan, Mərakeş, Tunis və Kosovo daxildir.(musavat.com)