Rusiya ordusunun Ukraynaya qarşı 71 müxtəlif tipli raket və 450 pilotsuz uçuş aparatı (PUA) ilə hava hücumu təşkil etdiyi bildirilir. 7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı yazılı açıqlamada qeyd olunub ki, Rusiya Ukraynanın bir sıra bölgələrini hədəf alan kütləvi raket və PUA hücumları həyata keçirib. Bəyanata əsasən, hücum zamanı Rusiya ordusu İsgəndər-M və S-300 ballistik raketləri, X-101, X-22, X-32 və İsgəndər-K tipli kruiz raketləri, həmçinin Tsirkon və Oniks hipersəs raketləri daxil olmaqla ümumilikdə 71 raketdən istifadə edib. Açıqlamada, eyni zamanda Rusiyanın Ukrayna ərazisinə 450 ədəd “Şahad”, “Gerbera” və “Italmas” tipli PUA buraxdığı, Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin isə 38 raketi və 412 PUA-nı zərərsizləşdirdiyi bildirilib. Ukrayna tərəfi bəzi bölgələrdə hava hücumu təhlükəsinin hələ də davam etdiyini vurğulayıb.