Agentliyin strukturuna daxil olan müvafiq şöbə Yevlax-Xocalı-Laçın avtomobil yolunun 133-cü kilometrində, Qaladərəsi kəndi istiqamətində ayrılan yolda icazəsiz su xətti çəkib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları faktı aşkar etdikdən sonra işlər dayandırılıb. ADSEA-nın həmin şöbəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə) maddəsi ilə protokol tərtib edilib.
Məlumata görə, ADSEA-nın Qarabağda su xətlərinin çəkilməsi ilə məşğul olan aidiyyəti qurumu Qaladərəsi kəndində su xəttinin çəkilməsi üçün AAYDA-ya məktub ünvanlayaraq icazə istəyib. Lakin AAYDA həmin müraciətə mənfi cavab verib.
Cavabda qeyd olunub ki, qəza hallarının aradan qaldırılması istisna olmaqla, yenidən qurulan və ya təmir olunan avtomobil yollarının asfalt örtüyünün təmirlərarası müddətdə qazılmasına yol verilmir. Buna görə də ADSEA-ya su xəttinin alternativ üsullarla çəkilməsi tövsiyə olunub.
Məhkəmə araşdırmalar nəticəsində ADSEA-nın müvafiq qurumunun qanun pozuntusuna yol verməsinin tam sübuta yetirildiyi qənaətinə gəlib.
Məhkəmənin qərarı ilə ADSEA-nın sözügedən şöbəsi 3 000 manat məbləğində inzibati qaydada cərimələnib.
