Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının üçüncü mərtəbəsində yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşayıb, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olub. Muzeyin ekspozisiyası beş otaqdan və dəhlizlərdən ibarətdir. Şairin qonaq, iş və yataq otaqları olduğu kimi qorunub saxlanılır.
Yazı masası

Xalq şairi Səməd Vurğun iş otağındakı yazı masasının arxasında çoxsaylı yuxusuz gecələr keçirib, bir çox qiymətli əsərini qələmə alıb. Həyat yoldaşı Xavər xanım xatirələrində qeyd edirdi ki, şair bu masanın arxasına heç vaxt ev geyimində keçməz, həmişə rəsmi geyimdə əyləşərdi. Şairin masa arxasında çəkilmiş 1954-cü ilə aid fotoşəkli də bu xatirəni təsdiqləyir.
1944-cü ildə şair masanı Bakı Mebel Fabrikindən alıb. Ağacdan hazırlanıb, üzlüyündə mahuddan istifadə olunub.
Masanın üzərində şairin son əlyazmaları, avtoqələmi, həyat yoldaşı və övladları ilə birlikdə çəkdirdiyi fotoşəkil yer alır. Həmçinin Səməd Vurğunun ən çox sevdiyi gülün rəmzi olaraq kiçik səbətə süni bənövşələr qoyulub.
“Vaqif”, “Fərhad və Şirin”, “İnsan”, “Aygün” və bir çox başqa sənət inciləri, eləcə də məqalə və çıxışları məhz bu masanın arxasında ərsəyə gəlib. “Mən tələsmirəm” (1954), “Yada sal məni” (1955) və “Gödəkçə” (1955) şeirləri də burada yazılıb.
Eksponat təmir və bərpa olunmayıb.
Royal

Otaqda Almaniyanın “C. Bechstein” firmasının istehsalı olan konsert royalı nümayiş etdirilir. Royalda vaxtilə Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyli, eləcə də bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Əsgərov, Emin Sabitoğlu, Vaqif Mustafazadə və Vaqif Səmədoğlu öz əsərlərini ifa ediblər. Onların bir çoxu Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olublar.
Royal ağac, qara lak, metal və sümükdən hazırlanıb. Onun stulu 2022-ci ildə bərpa olunub.
Zəngli saat

Muzeyin qonaq otağında nümayiş olunan antik zəngli saatın böyük mənəvi dəyəri var. Şairin həyat yoldaşı Xavər xanım saatın əqrəblərini 1956-cı il mayın 27-də, axşam saat 19:30-da – Səməd Vurğunun dünyasını dəyişdiyi anda dayandırıb. Bu, onun şairə olan sevgisinin və bağlılığının təsirli ifadəsidir.
Hündür kabinet saatı 1949-cu ildə Bakıda komisyon mağazadan alınıb. Ağac və metaldan hazırlanıb. Eksponat təmir və bərpa olunmayıb.
Xavər xanımın portreti

1989-cu ildə Xalq rəssamı Kamil Xanlarov Səməd Vurğunun həyat yoldaşı Xavər xanımın portretini çəkərək ona hədiyyə edib. Xavər xanım əsəri bəyənsə də, əllərinin boş təsvir olunmasını istəməyib və portretə üzüyünün də əlavə edilməsini xahiş edib.
Portret 1989-cu ildə Bakıda kətan üzərində yağlı boya ilə işlənib. Rəssam əsəri muzeyə hədiyyə edib. Eksponat təmir və bərpa olunmayıb.
Xalça

Səməd Vurğunun 50 illik yubileyi münasibətilə Azərbaycan SSR Elmlər Akademiyası şairin portreti təsvir olunan süjetli xalçanı ona hədiyyə edib. Xalçaçı-rəssam Lətif Kərimovun müəllifi olduğu əsər 1956-cı ildə Bakıda toxunub.
Xalça xovludur, toxunuş üslubu Təbriz məktəbinə yaxındır. Tünd göy, tünd sumağı və qırmızı rəngli yun saplardan hazırlanıb. Sonradan çərçivəyə salınıb. Eksponat təmir və bərpa olunmayıb.
