Abşeron rayonunun Fatmayı kəndində fərdi yaşayış evində güclü partlayış baş verib.

Partlayış nəticəsində evdə olan ər və arvad yanıq xəsarətləri alıblar. İlkin məlumata görə, hadisəyə qazsızması səbəb olub.

Belə ki, gecə saatlarında ev sahibi çay hazırladıqdan sonra qazı tam bağlamayıb. Səhərə yaxın ocağı yenidən yandırmaq istəyərkən evdə partlayış baş verib.

Hadisə zamanı evdə olan ailənin övladı valideynlərinə kömək edərək təcili tibbi yardıma məlumat verib.

“Partlayış səsinə oyandım. Gördüm ki, anam yerdə uzanıb, atam da evin içində yanır. Hər ikisinə kömək etdim və təcili tibbi yardıma zəng vurdum”, – deyə xəsarət alan şəxslərin oğlu bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

09:39

***

Abşeron rayonu, Fatmayı kəndində fərdi yaşayış evində partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.