“Prezident İlham Əliyevin oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi Azərbaycanla Hindistan arasında münasibətlərdə baş verən pozitiv dəyişikliklərin və müsbətə doğru irəliləyişin bariz göstəricisidir. Bu səfəri ayrıca götürülmüş diplomatik epizod kimi deyil, son aylarda formalaşan ardıcıl siyasi təmaslar zəncirinin məntiqi davamı kimi qiymətləndirmək lazımdır”.

Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə,  Azərbaycan hər bir ölkə ilə konstruktiv dialoqa və qarşılıqlı səmərəli əməkdaşlığa hazır olub və hazırdır. “Ölkəmiz müxtəlif geosiyasi mərkəzlərlə balanslaşdırılmış münasibətlər quraraq, milli maraqları ön planda saxlayan praqmatik xətt yürüdür. Hindistanla əlaqələrin inkişafına göstərilən diqqət də məhz bu siyasi fəlsəfənin təzahürüdür”,- o vurğulayıb.
Deputat bildirib ki, hər iki ölkənin regional məsələlərə yanaşmalarında fərqlər mövcuddur:

“Hindistanın Ermənistanla hərbi-texniki əməkdaşlığı Azərbaycan cəmiyyətində haqlı narahatlıq doğurur və bu məsələ Bakı tərəfindən diqqətdə saxlanılır. Lakin məhz belə fərqlərin olduğu şəraitdə açıq və yüksək səviyyəli dialoqun aparılması xüsusi əhəmiyyət kəsb edir. Etimad birbaşa ünsiyyət yolu ilə formalaşır və Cənubi Qafqazda sülh gündəliyinin reallaşdığı bir dövrdə regionda silahlanmanı təşviq edən addımların heç bir tərəfin maraqlarına cavab vermədiyi Yeni Dehlidə də anlaşılmalıdır”.

Sevinc Fətəliyeva: Dövlətimiz Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə  düşən vəzifələri uğurla yerinə yetirir - AZƏRTAC
Deputat onu da qeyd edib ki, buna baxmayaraq Azərbaycanla Hindistan arasında münasibətlərin böyük tarixi var.

Millət vəkili diqqətə çatdırıb ki, iqtisadi əməkdaşlığın təməlində enerji sektoru dayanır: “Hindistan Azərbaycanın neft-qaz layihələrində iştirak edir. “ONGC Videsh” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsində və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsində tərəfdaşdır. Nazir Cayşankar Bakıda keçirdiyi mətbuat konfransında da Hindistan biznesinin Azərbaycanın neft və energetika sahələrinə yatırdığı investisiyalara xüsusi diqqət çəkdi və iqtisadiyyatlarımızın bir-birini tamamladığını vurğuladı. Son dövrdə əməkdaşlığın qeyri-neft sektoruna doğru genişlənməsi xüsusilə diqqətəlayiqdir. Sentyabr ayında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Hindistanın qablaşdırma sənayesi üzrə ixtisaslaşmış “UFlex Limited” şirkəti ilə Azərbaycan Biznesinin İnkişafı Fondu arasında birgə istehsal müəssisəsinin yaradılmasına dair müqavilə imzalandı. Dəyəri 117,7 milyon ABŞ dolları olan bu layihə Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək. Bu, Hindistan biznes dairələrinin Azərbaycan bazarına və ölkəmizin investisiya mühitinə marağının konkret ifadəsidir”.

Sevinc Fətəliyevanın fikrincə, Hindistan bu gün texnologiyalar və rəqəmsal infrastruktur sahəsində əsaslı şəkildə inkişaf edən, informasiya texnologiyaları xidmətlərinin ixracında dünyanın lider ölkələrindən biridir. Rəqəmsal dövlət xidmətləri, rəqəmsal ödəniş sistemləri və innovasiya ekosistemi sahəsində Hindistanın təcrübəsi Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya siyasəti üçün də maraqlı əməkdaşlıq imkanları açır. Görüşdə yüksək texnologiyalar sahəsinin əməkdaşlıq istiqamətləri sırasında xüsusi qeyd olunması təsadüfi deyil. Nəqliyyat və tranzit sahəsi ikitərəfli gündəliyin strateji istiqamətinə çevrilir. Nazirlərin danışıqlarında Azərbaycan ərazisindən keçən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin, Bakı–Tbilisi–Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlar müzakirə olundu. Hindistan tərəfi Şimal–Cənub dəhlizi üzrə koordinasiyanın gücləndiriləcəyini bəyan etdi. Bu, Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat-logistika qovşağı kimi rolunun Yeni Dehlidə də yüksək dəyərləndirildiyini göstərir.

Turizm sektoru ölkələrimiz arasında əməkdaşlığın yaxşı və perspektivli sahəsidir. Son illərdə Hindistan vətəndaşlarının Azərbaycana marağı nəzərəçarpacaq dərəcədə artıb, Bakı hind turistləri üçün cəlbedici istiqamətlərdən birinə çevrilib. Qarşıdan gələn dövrdə bu sektorun daha da inkişaf edəcəyinə şübhə yoxdur. Səfər zamanı əldə olunan razılaşmalar – ticarət və digər sahələr üzrə nümayəndə heyətlərinin mübadiləsi, eləcə də xarici işlər naziri Ceyhun Bayramovun Hindistana səfərə dəvət olunması – əlaqələrin bütün istiqamətlərdə canlanacağına əsas verir.

“Hindistan dünyanın ən çox əhalisi olan ölkəsi, sürətlə inkişaf edən böyük iqtisadiyyatı və beynəlxalq arenada nüfuzlu aktorlarından biridir. Azərbaycan isə regionun lider dövləti, etibarlı enerji tərəfdaşı və Avrasiyanın nəqliyyat qovşağıdır. Bu reallıqlar fonunda Azərbaycan–Hindistan münasibətlərinin inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Prezident İlham Əliyevin Subrahmanyam Cayşankarı qəbul etməsi isə bu münasibətlərin yeni, daha dinamik mərhələyə qədəm qoyduğunu təsdiq edən mühüm siyasi mesajdır” – deyə, deputat vurğulayıb.