Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi planlaşdırılır. Sakinlərin bildirdiyinə görə, ilkin mərhələdə hər kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub. Daha sonra isə ödənişin evlərin real dəyəri nəzərə alınmaqla müəyyənləşdiriləcəyi bildirilib. Əmlakın məcburi özgəninkiləşdirilməsi zamanı kompensasiyanın hansı prinsiplərlə hesablanması mülkiyyət sahibləri üçün əsas məsələlərdən biridir. Bu zaman əmlakın bazar dəyərinin, tikilinin vəziyyətinin və digər xüsusiyyətlərinin nəzərə alınması vacib hesab olunur.

Mövzu ilə bağlı Ekologiya.az-a açıqlama verən əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, söküləcək evlərin hamısına eyni qiymətin tətbiq edilməsinin düzgün yanaşma deyil:

“Bir ərazidə 10, 18 və ya 100-dən çox fərdi yaşayış evinin hamısının eyni qiymətlə qiymətləndirilməsi doğru yanaşma deyil. Çünki hər bir əmlakın vəziyyəti, sənədləri, tikinti xüsusiyyətləri və yaşayış üçün yaratdığı imkanlar fərqli ola bilər. Bir evin sənədləri tam qaydasında olmaya, digəri isə bütün tikinti normalarına uyğun inşa edilə bilər”.

Ramil Osmanlının sözlərinə görə, iki mərtəbəli, təmirli, lazımi infrastruktura malik, həyətyanı sahəsi və avtomobil saxlamaq üçün ayrıca yeri olan evlə daha fərqli xüsusiyyətlərə malik tikilinin eyni məbləğlə qiymətləndirilməsi düzgün olmaz.

“Bu baxımdan bütün evlər üçün əvvəlcədən 2700 manat kimi vahid rəqəmin müəyyənləşdirilməsi düzgün yanaşma deyil. Xüsusilə sözügedən ərazi şəhərin mərkəzinə yaxın yerləşdiyindən burada mövcud çoxmənzilli binaların və ərazidə aparılan tikintilərin qiymətləri də nəzərə alınmalıdır. İlk növbədə həmin ərazidə qiymətləndirmə aparılmalıdır. Qiymətləndirici hər bir obyektə fərdi şəkildə baxış keçirməli, bundan sonra onun real bazar dəyəri müəyyənləşdirilməlidir. Kompensasiya ödənişlərinin də ədalətli bazar dəyərinə uyğun həyata keçirilməsini daha məqsədəuyğun hesab edirəm”, – deyə Ramil Osmanlı sonda vurğulayıb.