“Bu gün – Müəllimlər Günündə yalnız təbrik sözləri söyləmək deyil, müəllimlik peşəsi haqqında düşündüklərimi də bölüşmək istəyirəm.

Mən həmişə düşünmüşəm ki, müəllimlik və həkimlik insandan yalnız bilik və peşəkarlıq tələb etməyən iki xüsusi peşədir. Burada savadla yanaşı, insanı duymaq və anlamaq bacarığı, məsuliyyət, mənəvi keyfiyyətlər, istedad və yaradıcı yanaşma da lazımdır”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, amma hər kəs eyni dərəcədə istedadlı, müdrik və məsuliyyətli deyil:

“Müəllimlik isə kütləvi peşədir. Ona görə də kiminsə həyatında əsl Müəllimlə qarşılaşmaq xoşbəxtliyi olur, kiminsə həyatında isə belə bir görüş baş vermir.

Bunun qiyməti bəzən çox yüksək olur.

Həkimin səhvi insanı həyatdan məhrum edə bilər. Müəllimin səhvi isə bəzən insanı öz taleyindən uzaqlaşdıra bilər – özünə inamını sındıra, istedadından üz döndərməsinə, bacarığı olduğu bir yolu seçməməsinə səbəb ola bilər.

Amma bunun əksi də doğrudur.

Əsl Müəllim uşağın özünün hələ görə bilmədiyi bir qabiliyyəti onda görə bilər. Onu oyada, inkişaf etdirə, doğru anda dəstəkləyə, düşünməyi və zəhmət çəkməyi öyrədə, öz yolunu tapmasına kömək edə bilər.

Böyük Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusi hələ XIII əsrdə yazırdı:

“Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?”

Əsrlər keçib, dünya dəyişib, bilik və texnologiyalar inanılmaz dərəcədə inkişaf edib. Amma bu fikrin mahiyyəti dəyişməyib. Çünki müəllimin işi yalnız bilik vermək deyil. Müəllim insanın formalaşmasında iştirak edir.

Cəmiyyət gələcək nəslin taleyini müəllimə etibar edir. Deməli, müəyyən mənada öz gələcəyini də ona etibar edir.

İstərdim ki, hər bir müəllim sinfə daxil olarkən bu məsuliyyətin böyüklüyünü hiss etsin. Ağır yük kimi deyil, insana, maarifə və gələcəyə xidmət missiyası kimi. Çünki müəllimlər, həqiqətən də, gələcəyimizin müəllifləridir.

Mənim bu mənada bəxtim gətirib.

Həyatımda böyük hərflə yazılmağa layiq Müəllimlər olub. Təbiətin və valideynlərimin mənə bəxş etdiyi yaxşı cəhətləri görə bilən, onları üzə çıxaran və inkişaf etdirən insanlar olub.

İlk müəllimlərimi – həm ümumtəhsil məktəbində, həm də musiqi məktəbində mənə dərs deyən pedaqoqları bu gün də minnətdarlıqla xatırlayıram. Sonrakı illərdə qarşılaşdığım müəllimlərimi də unutmuram. İnsan yaşa dolduqca əsl Müəllimin onun həyatında qoyduğu izin nə qədər dərin olduğunu daha yaxşı anlayır.

Yəqin ki, müəllim üçün ən böyük mükafatlardan biri də budur: onilliklər keçəndən sonra şagirdi yalnız öyrəndiklərini deyil, ona bunları öyrədən insanı da xatırlasın.

Bu gün öz Müəllimlərimə minnətdarlığımı bildirir və bütün müəllimləri peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Arzu edirəm ki, əlinizdə necə böyük bir qüvvə olduğunu heç vaxt unutmayasınız. Biliyiniz, istedadınız, tələbkarlığınız və xeyirxahlığınız uşaqlara özlərində olan ən yaxşı keyfiyyətləri üzə çıxarmağa, öz imkanlarına inanmağa və həyatda öz yollarını tapmağa kömək etsin.

Hər bir uşağın hələ yazılmamış taleyinə qayğı ilə yanaşın.

Müəllimlər Gününüz mübarək!”.