İran yaxınlığında əməliyyat missiyaları həyata keçirməyə davam edən ABŞ Hərbi Dəniz Qüvvələri qrupunun hazırda 20-dən çox döyüş gəmisi var.

Bu barədə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri İnstitutunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iki təyyarədaşıyan gəmi – USS George Bush və USS George Washington İran sahillərinin cənub-şərqində Ərəb dənizində döyüş növbətçiliyi aparır. Bu gəmilər ümumilikdə 100-dən çox qırıcı təyyarə, eləcə də elektron müharibə və hava hücumundan erkən xəbərdarlıq təyyarələri daşıyır.

Təyyarə daşıyıcıları ilə yanaşı, Hörmüz boğazının şərqindəki Oman körfəzi də daxil olmaqla, bölgədə 1600 km mənzilli “Tomahawk” qanadlı raketləri daşıyan 10 esmines yerləşdirilib.

Üç böyük desant gəmisindən ibarət amfibiya hücum qrupu da Oman körfəzində missiyalar yerinə yetirir. Onların tərkibində təxminən 2200 hərbçidən ibarət 11-ci dəniz ekspedisiya taboru, eləcə də iki eskadrilya F-35 şaquli qalxma və eniş qırıcıları, tiltrotor təyyarələri, hücum və nəqliyyat helikopterləri və desant gəmiləri var.

Qırmızı dənizdə daha iki idarə olunan raket esminesi, Hind okeanında isə bir kreyser və üç esmines var.

Bundan əlavə, İran yaxınlığında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri qrupuna ekspedisiya dəniz təchizatı bazası olan “USS Miguel Keith” gəmisi də daxildir.

Hazırda gəmilərin əksəriyyəti İran limanlarının dəniz blokadasında iştirak edir.