“Adım Yetərdir. Yetər!” film layihəsi Venesiya Film Festivalında
Aavqustun 31-də başlayan və 9 sentyabr tarixlərinə qədər davam edən proqram layihənin inkişaf mərhələsində beynəlxalq kino mütəxəssisləri, prodüserlər və insan hüquqları sahəsində çalışan peşəkarlarla birgə işləmək üçün mühüm platforma rolunu oynayır.
Arzu Jaeed Venesiyada olduğu müddətdə beynəlxalq kino və sənədli film sahəsinin tanınmış simaları ilə birbaşa ünsiyyət və fikir mübadiləsi aparmaq imkanı əldə edib. Onun görüşdüyü şəxslər arasında “Oskar” mükafatına layiq görülmüş aktyor, rejissor və prodüser Corc Kluni (George Clooney), fransız rejissor, ssenarist və prodüser Lük Besson (Luc Besson), insan hüquqları mövzusunda sənədli filmləri ilə tanınan rejissor Askold Kurov, sənədli film prodüseri və Dartmouth Films şirkətinin təsisçisi Kristofer Hird (Christopher Hird), tanınmış sənədli fotoqraf, rejissor və yazıçı Nik Danziger (Nick Danziger), eləcə də beynəlxalq səviyyədə tanınan sənədli film rejissoru Viktor Kossakovski (Victor Kossakovsky) yer alıb.
“Adım Yetərdir. Yetər!” Azərbaycanda qız uşaqlarına verilən “Yetər”, “Kifayət”, “Bəsdi”, “Qızbəsdi” kimi simvolik adlar üzərindən oğlan övladına üstünlük verilməsi ənənəsini və bu yanaşmanın qadınların həyatında buraxdığı uzunmüddətli sosial və emosional izləri araşdırır.
Filmin çəkilişlərinin Azərbaycanla yanaşı Türkiyə, Misir və Monteneqroda aparılması planlaşdırılır. Müxtəlif ölkələrdə çəkiləcək şəxsi hekayələr vasitəsilə filmin mövzusunun daha geniş coğrafi və sosial kontekstdə araşdırılması nəzərdə tutulur.
Filmin 2027-ci ilin aprel ayına qədər tamamlanması və daha sonra nüfuzlu beynəlxalq film festivallarına təqdim olunması planlaşdırılır.
Filmin digər prodüseri Emil Əlidir. Layihə Niderland Krallığının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilir.
Arzu Jaeed sənədli film rejissoru, tədqiqatçı və HerStory.az platformasının təsisçisidir. Onun əvvəlki işləri sırasında “Jerusalem of the Caucasus: The Undiscovered Jewish Heritage in the Land of Fire” və “3 Qadın. 1 Hekayə” sənədli filmləri yer alır.
“3 Qadın. 1 Hekayə” filminin nümayişindən sonra yaranan ictimai dəstək nəticəsində filmin qəhrəmanlarından biri Leyla Sayadova və onun beş övladı yeni yaşayış evi ilə təmin olunub. Bu hadisə sənədli kinonun yalnız sosial problemləri gündəmə gətirməklə kifayətlənməyərək, real sosial dəyişiklik üçün də vasitəyə çevrilə biləcəyini göstərib.
“Adım Yetərdir. Yetər!” layihəsinin Venesiya Film Festivalı ilə paralel keçirilən beynəlxalq inkişaf proqramına seçilməsi Azərbaycan sənədli kino layihəsinin beynəlxalq kino mütəxəssisləri qarşısında təqdimatı baxımından əhəmiyyətli mərhələdi
