Rusiyalı ekstremal idmançı Sergey Boytsov hava aerostatından stratosferə tullanaraq yeni dünya rekordu müəyyənləşdirib. O, Altay diyarı ərazisində 11 551 metr hündürlükdən tullanıb.

Bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev “Telegram” kanalında məlumat verib.

“Yüksəliş üçün 10 000 kubmetr həcmində ən böyük yerli istilik aerostatından istifadə edilib. Sərbəst düşmə sürəti saatda 500 kilometri keçib. Tullanma avtonom oksigen təchizatı olan yüksəklik skafandrında həyata keçirilib”, – deyə o yazıb.

Onun sözlərinə görə, rekord Rusiya Dövlət Bayrağı Günü münasibətilə həyata keçirilib və Rusiya İdman Nazirliyi ilə Rusiya Olimpiya Komitəsinin dəstəyi ilə baş tutub.

Qeyd olunur ki, Sergey Boytsovun uçuşu 7 dəqiqə 19 saniyə davam edib. Onun yerə eniş nöqtəsi Altay diyarının Ust-Kalmanski rayonu olub.

Əvvəlki rekord isə 10 060 metr hündürlükdən tullanaraq bunu həyata keçirən polşalı ekstremal idmançılara məxsus olub.