Mingəçevir şəhərində fəaliyyət göstərən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində uzun müddətdir müşahidə olunan ciddi problemlər ictimai narahatlıq doğurmağa davam edir. Aparılan araşdırmalar göstərir ki, mövcud vəziyyətlə bağlı əsas məsuliyyət Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinç Həsənovanın üzərinə düşür.
Araşdırmalar zamanı məlum olub ki, Mingəçevir şəhərində yerləşən bir sıra orta məktəblərdə və uşaq bağçalarında mövsümi soyuqlarla əlaqədar isitmə sistemləri normal fəaliyyət göstərmir, nəticədə azyaşlı uşaqlar soyuq şəraitdə təhsil almağa məcbur qalırlar. Bəzi bağçalarda isə sanitar qovşaqların — xüsusilə yuxarı mərtəbələrdə yerləşən tualetlərin işləmədiyi bildirilir. Bu səbəbdən uşaqların dərs zamanı aşağı mərtəbələrə enib-qalxması həm təhlükəsizlik, həm də sağlamlıq baxımından ciddi risk yaradır.
Adlarının açıqlanmasını istəməyən bağça müdirləri və məktəb direktorları bildirirlər ki, sözügedən çatışmazlıqlar barədə mütəmadi olaraq sektor müdiri Sevinç Həsənovaya rəsmi və şifahi məlumatlar verilib. Lakin onların iddiasına görə, bu məlumatlar nədənsə Aran Regional Təhsil İdarəsinin rəhbərliyinə çatdırılmayıb.
Məsələ mediada işıqlandırıldıqdan sonra isə maraqlı məqam ortaya çıxıb: regional rəhbərliyin bu problemlərdən xəbərsiz olduğu məlum olub. Bu fakt isə suallar doğurur: əgər problemlər sektor müdirinə bildirilibsə, niyə yuxarı instansiyalara ötürülməyib?
Araşdırmalar zamanı daha bir diqqətçəkən iddia da ortaya çıxıb. Bildirilir ki, son dövrlər Sevinç Həsənovanın vəzifə öhdəliklərinin icrasında çətinliklər yaşaması fonunda onun tutduğu postdan uzaqlaşdırılacağı və daha aşağı vəzifəyə keçiriləcəyi ehtimal edilir. Məhz bu ehtimallar fonunda, iddialara görə, bir müddət əvvəl Mingəçevir şəhərində nüfuzlu orta məktəblərin rəhbərləri barədə valideynlər adından şikayətlər yazdırılaraq yuxarı qurumlara yönləndirilib.
Mənbələrin bildirdiyinə görə, məqsəd həmin məktəb rəhbərlərinin fəaliyyəti ilə bağlı araşdırma aparılması və nəticədə onların vəzifədən azad edilməsinə nail olmaq olub. Bu ssenaridə isə Sevinç Həsənovanın öz vəzifəsindən uzaqlaşdırılacağı halda, boş qala biləcək nüfuzlu məktəblərdən birinə rəhbər təyin olunmaq niyyəti olduğu iddia edilir.
İddialara əsasən, bu plan reallaşmadıqdan sonra Sevinç Həsənovanın diqqəti bu dəfə Aran Regional Təhsil İdarəsinin rəhbəri Həmid Qasımov üzərinə yönəlib. Bildirilir ki, təhsil müəssisələrindəki problemlərin bilərəkdən regional rəhbərliyə ötürülməməsi nəticəsində narazılıqlar böyüyüb, valideynlər və ictimaiyyət məsələləri digər qurumlara və mediaya çıxarmağa məcbur qalıb. Nəticədə yaranan gərginlik regional rəhbərin ünvanına yönələn əsassız ittihamlar və təhqirlərlə müşayiət olunub.
Məqsədin isə Həmid Qasımovu rəhbər kimi nüfuzdan salmaq və onun vəzifədən uzaqlaşdırılmasına zəmin yaratmaq olduğu iddia edilir.
Ortada olan faktlar və iddialar Mingəçevir təhsil sektorunda ciddi idarəetmə problemlərinin mövcudluğundan xəbər verir. Valideynlərin, müəllimlərin və ictimaiyyətin əsas tələbi isə sadədir: uşaqların təhlükəsiz, sağlam və normal şəraitdə təhsil alması, problemlərin gizlədilmədən vaxtında aidiyyəti qurumlara çatdırılması.
Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi və açıqlaması gözlənilir.
