Mingəçevir Dövlət Universitetinin gənc alimi Ayna Çingiz qızı Babazadə 1989-cu ildə Mingəçevirdə anadan olmuşdur. 1995–2006-cı illərdə Mingəçevir şəhəri İ. Zeynalov adına 2 saylı tam orta məktəbdə təhsil almış, 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr pilləsi, 2013-cü ildə isə Azərbaycan Müəllimlər İnstitutunu “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistr pilləsi üzrə bitirmişdir.

2015–2018-ci illərdə Xəzər Universitetində 5716.01 – “Azərbaycan ədəbiyyatı” istiqaməti üzrə doktorant olmuşdur. 2021-ci ildə “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

1. Hazırda üzərində çalışdığınız elmi tədqiqatın əsas məqsədi nədir və bu işin ölkə elmi üçün hansı töhfələri ola bilər?

— 2021-ci ildə “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə etdikdən sonra tədqiqat fəaliyyətimi Azərbaycan ədəbiyyatında mövcud olan tarixi romanlarda əks olunan faktların sistemli şəkildə araşdırılması istiqamətində davam etdirirəm.

2024-cü ildə “Əzizə Cəfərzadə nəsri: tarixi gerçəklik və bədii təsvir” adlı monoqrafiyam dərc edilmişdir. Əsas məqsədim tarixi romanlarda əks olunan faktların dəqiqliyini, onların bədii mətnə necə inteqrasiya olunduğunu və oxucuya hansı tarixi şüur formalarını ötürdüyünü araşdırmaqdır.

Bu işin ölkə elmi üçün töhfəsi ondan ibarətdir ki, tarixi romanların həm ədəbiyyatşünaslıq, həm də tarixşünaslıq baxımından daha obyektiv qiymətləndirilməsi mümkün olacaq. Nəticədə Azərbaycan ədəbiyyatında tarixi mövzuların işlənmə ənənələri, fakt və bədii təxəyyülün balansı, milli kimlik və yaddaşın formalaşmasında bu əsərlərin rolu daha aydın şəkildə ortaya qoyulacaq.

Sizcə, bu gün Azərbaycan ali təhsilində ən böyük problem nədir?

— Azərbaycan ali təhsilində bir neçə əsas problem mövcuddur. Düşünürəm ki, tədqiqat fəaliyyətinin qiymətləndirilməsi sistemi islah edilməli, nəşr, patent və tələbə layihələri ilə daha sıx əlaqələndirilməlidir. Rəqəmsal infrastruktura daha çox investisiya ayrılması zəruridir. Doktorantura proqramlarına maliyyə dəstəyi artırılmalı, kadr mobilliyi proqramları isə daha da genişləndirilməlidir.

Gənc tədqiqatçılara tövsiyələriniz?

— Marağı daim canlı saxlamaq, çətinliklərlə qarşılaşdıqda geri çəkilməmək vacibdir. Təcrübəli alimlərlə əməkdaşlıq etmək, komandada işləməyi bacarmaq və qrant yazma vərdişlərinə sahib olmaq elmdə uğurun əsas şərtlərindəndir.

Elmi fəaliyyətinizdə ən böyük çətinlik nə olub?

— Elmi məlumat bazalarının əsasən paytaxt Bakıda cəmlənməsi ciddi çətinlik yaradırdı. Lakin bu gün həmin bazaların böyük hissəsinin elektronlaşdırılması vəziyyəti xeyli yaxşılaşdırıb. Dissertasiya mövzum üzərində işləyərkən yazıçı Əzizə Cəfərzadənin ev arxivinin oğlu Turan İbrahimov tərəfindən elektronlaşdırılması da materiallara çıxışımı asanlaşdırdı.

Tələbələrin elmi fəaliyyətə marağını artırmaq üçün nə etmək olar?

— Bakalavrın ilk illərindən tələbələri tədqiqat fəaliyyətinə cəlb etmək, tələbə layihələri üçün kiçik maliyyə dəstəyi və yarışmalar təşkil etmək, mentor proqramları – tədqiqatçı–tələbə cütləşməsi tətbiq etmək, elmi festivallar və poster sessiyaları keçirmək, uğurlu tədqiqatların nümayişi üçün şərait yaratmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir