“31 Mart Azərbaycan xalqının tarixində təkcə hüzn və kədər günü deyil, həm də milli yaddaşın, tarixi həqiqətin və ədalət uğrunda mübarizənin simvoludur. Bu gün xalqımızın taleyinə qanla yazılmış ən faciəli səhifələrdən birini xatırladır. 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı törədilən kütləvi qırğınlar yalnız bir dövrün siyasi qarşıdurması deyil, bütöv bir millətin fiziki və mənəvi məhvinə hesablanmış planlı soyqırımı siyasəti idi”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, bu qanlı hadisələr Bakıdan başlayaraq Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, Lənkəran, Salyan, Xaçmaz, hətta İrəvana qədər uzanan geniş bir coğrafiyanı əhatə etdi: “Minlərlə günahsız insan yalnız azərbaycanlı olduğuna görə amansızlıqla qətlə yetirildi. Ana laylası eşitməli körpələr, ailəsinin dayağı olan qadınlar, ömrünün ahıl çağını yaşayan qocalar heç bir mərhəmət göstərilmədən məhv edildi. Yandırılan evlər, dağıdılan kəndlər, viran qoyulan şəhərlər, yerlə-yeksan edilən məscidlər və qəbiristanlıqlar bu faciənin təkcə insanlara deyil, xalqın tarixə hopmuş ruhuna qarşı yönəldiyini göstərirdi.
Bu hadisələrin ən ağrılı tərəfi isə onun yalnız bir hərbi qarşıdurma yox, milli kökü, tarixi yaddaşı, mənəvi irsi məhv etməyə hesablanmış sistemli cinayət olması idi. Məqsəd azərbaycanlıların yaşadığı torpaqlarda demoqrafik mənzərəni zorla dəyişmək, xalqı öz doğma yurdlarından qovmaq və bu torpaqların yaddaşını saxtalaşdırmaq idi. Buna görə də 31 Mart faciəsi sadəcə tarix dərsliklərində qalan bir hadisə deyil, xalqımızın milli şüurunda daim yaşayan qan yaddaşıdır.
Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il 26 mart tarixində imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu qanlı tarixə dövlət səviyyəsində verilən ən mühüm siyasi-hüquqi qiymət oldu. Həmin Fərmanla 31 Martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi təkcə qurbanların xatirəsinə ehtiram deyildi. Bu, eyni zamanda milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm dönüş nöqtəsi idi”.
Deputat əlavə edib ki, arxivlər açıldıqca, yeni sənədlər üzə çıxdıqca erməni vəhşiliyinin miqyası daha aydın görünür: “Şamaxıda yüzlərlə kəndin dağıdılması, minlərlə dinc sakinin xüsusi qəddarlıqla öldürülməsi, Quba qəzasında onlarla yaşayış məntəqəsinin xəritədən silinməsi bu soyqırımının insanlığa qarşı cinayət olduğunu sübut edir. Tarix saxtakarlığı qəbul etmir. Nə qədər gizlədilməyə çalışılsa da, həqiqətlər gec-tez öz yerini tapır.
Quba şəhərində 2007-ci ildə aşkarlanan kütləvi məzarlıq bu həqiqətlərin ən sarsıdıcı sübutlarından biri oldu. Buradan tapılan yüzlərlə insan qalıqları, qadın və uşaqlara aid sümüklər, tibbi və antropoloji ekspertizaların nəticələri bir daha göstərdi ki, bu, təsadüfi ölüm yox, planlı məhv siyasətinin nəticəsi idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi bu qanlı həqiqətlərin daş yaddaşa çevrilmiş abidəsidir. Orada hər daş, hər eksponat xalqımızın keçdiyi ağrı yolunun susmayan şahididir.
31 Martın mənəvi yükü yalnız keçmişin kədəri ilə ölçülmür. Bu tarix həm də milli birliyin, xalqın öz tarixi qarşısında məsuliyyətinin, yaddaşını yaşatma gücünün göstəricisidir. Tarixini unudan xalqlar gələcəyini də itirir. Azərbaycan xalqı isə yaşadığı bütün faciələrə baxmayaraq milli yaddaşını qorudu, həqiqət uğrunda mübarizəsini davam etdirdi və öz dövlətçilik iradəsini daha da möhkəmləndirdi.
Məhz bu milli iradənin nəticəsi idi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. 30 illik işğala son qoyuldu, xalqımızın tapdanmış hüquqları döyüş meydanında bərpa edildi, şəhidlərimizin qisası alındı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə suverenliyimizin tam təmin olunması isə bu tarixi ədalətin yekun təntənəsinə çevrildi.
Bu gün 31 Martı anarkən biz yalnız göz yaşlarımızla keçmişə boylanmırıq. Biz eyni zamanda gələcəyə daha güclü baxan, tarixindən dərs alan, milli birliyini qoruyan və dövlətinin ətrafında sıx birləşən xalq olduğumuzu nümayiş etdiririk. Bu gün hər bir azərbaycanlı üçün 31 Mart həm hüzn, həm qürur, həm də and yeridir — şəhidlərin ruhu qarşısında milli yaddaşı daim yaşatmaq andı.
31 Mart faciəsi bizə bir həqiqəti hər il yenidən xatırladır: xalqın yaddaşına yazılan qan heç vaxt silinmir. O qan yaddaşı nəsildən-nəslə ötürülərək millətin ruhunu möhkəmləndirir, onu daha güclü, daha ayıq və daha məğrur edir.
31 Mart -unudulmayan ağrı, susmayan həqiqət, sarsılmayan milli iradədir”.
