Böyük Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamilla aprelin 28-də Vaşinqtona rəsmi səfəri çərçivəsində ABŞ Konqresində çıxış edəcəklər.
“Reuters” agentliyi bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Consona istinadən məlumat yayıb.
Səfər ABŞ-nin Britaniya hakimiyyətindən müstəqilliyinin 250 illiyi ilə üst-üstə düşür. Vaşinqtondan sonra cütlük Bermuda adalarına səfər edəcək.
Reuters-in məlumatına görə, səfər həmçinin Britaniya hökumətinin İranla müharibənin yaratdığı gərginlikdən sonra prezident Donald Trampla münasibətləri bərpa etmək cəhdi kimi qiymətləndirilir. Bu, II Yelizavetanın 2007-ci ildə ABŞ-yə səfərindən bəri Britaniya monarxının ilk dövlət səfəridir.
Trampın sözlərinə görə, səfər aprelin 27-də qəbulla başlayacaq, ardınca isə ertəsi gün Ağ Evdə rəsmi ziyafət veriləcək.
