Bakı/27.04.23/Turan: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai TV-yə müsahibəsində faktiki olaraq Moskvanı Qarabağda Azərbaycana qarşı güc tətbiq etməyə çağırıb.
“Azərbaycanın da imzaladığı 9 noyabr tarixli bəyanata əsasən, Laçın koridoru tam olaraq Rusiya Federasiyasına təhvil verilib. Hazırda laçın koridorunda baş verən hadisələrə görə tam məsuliyyət məhz Rusiya Federasiyası daşıyır”.
Rusiya 120 min erməninin etnik təmizləməyə məruz qalmaması üçün hərəkətə keçməlidir. “Əgər problem müzakirələr yolu ilə həll edilmirsə, Rusiya başqa cür hərəkət etməlidir”.
Sülh sazişi ilə bağlı Azərbaycanla aparılan müzakirələrin məzmununa gəlincə, o, Bakının səkkiz sərhəd kəndinin qaytarılması ilə bağlı tələblərinə toxunub. Qriqoryanın sözlərinə görə, Ermənistanın Azərbaycan tərəfindən “işğal olunmuş” ərazilərin qaytarılması tələbi də var.
“Tavuşda belə işğal olunmuş ərazilər var. Ermənistan Azərbaycandan bu əraziləri qaytarmağı tələb edir. Oxşar ərazilər Jermuk, Sotq-Xoznavar və bütün Ermənistan sərhədləri boyunca mövcuddur”, – Qriqoryan deyib.
Onun sözlərinə görə, ilk növbədə Azərbaycan həmin əraziləri qaytarmalıdır. Bundan sonra isə o, beynəlxalq öhdəlikləri çərçivəsində Naqorno Qarabağı təhlükəsizlik zəmanətlərinin beynəlxalq mexanizmini müzakirə etməyə başlamalıdır. -02Dp-
Şərh yaz