Mingəçevirdə direktor narazı kütlə yaradır
Mingəçevirdə musiqi məktəbində narazılıq artır – direktor əvəzedicisinin idarəçiliyi müəllimləri susqun narazılardan fəal etirazçılara çevirir
Jurnalist araşdırması
Mingəçevir şəhərində yerləşən Fəxrəddin Qasımov adına Uşaq Musiqi Məktəbində son aylarda yaşanan idarəetmə böhranı təhsil mühitində ciddi narahatlıqlara səbəb olub. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bu müəssisədə direktor əvəzedicisi vəzifəsinə təyin edilən Səttar Orucovun fəaliyyəti təkcə müəllim heyətini deyil, artıq ictimaiyyəti də düşündürməyə başlayıb.
Dərs saatları əsassız şəkildə ixtisar edilir – “Bizə xəbərdarlıq edilir ki, sentyabrdan dərs saatı verilməyəcək”
Araşdırma zamanı bir çox müəllimlərlə danışdıq. Onlar kimliklərinin açıqlanmasını istəməsələr də, baş verənləri faktlarla təsdiqlədilər.
“May ayının ortalarından etibarən bizim dərs saatlarımız əsassız yerə kəsildi. Ən təəccüblüsü odur ki, bu, tədris ilinin sonuna cəmi bir neçə həftə qalmış baş verdi. Səttar müəllim açıq şəkildə dedi ki, sentyabrdan dərs saatı alacağımıza ümid etməyək”, – deyə adının açıqlanmasını istəməyən 15 illik təcrübəyə malik müəllim bildirir.
Müəllimlər qeyd edirlər ki, belə halların heç bir rəsmi əsaslandırması verilmir. Hətta onların tədris planı üzrə müəyyən edilmiş saatlar tabelə daxil edilmir və əmək haqqı kəsilir.
Şagird bölgüsündə qərəz və təzyiqlər
Məktəbdə yeni şagirdlərin müəllimlər arasında bölüşdürülməsi prosesi də qalmaqallıdır. Bəzi müəllimlər deyirlər ki, rəhbərlik onlara “əgər sözə baxmasalar”, onlara şagird verilməyəcəyini açıq-aşkar bildirir.
“Məktəb rəhbərliyi bizi fakt qarşısında qoyur. Əgər istədikləri hərəkətləri etməsək – məsələn, başqa müəllimə qarşı münasibət bildirməsək və ya rəhbərin fikrini dəstəkləməsək – şagird bölgüsündə kənarda qalırıq”, – deyə digər bir müəllim bildirir.
Narazı müəllimlər arasında şəhid və qazi ailələrinin üzvləri də var
Araşdırma zamanı üzə çıxan başqa bir ciddi məqam – həssas sosial təbəqəyə aid müəllimlərin də bu təzyiqlərə məruz qalmasıdır. Müəllim heyəti arasında şəhid ailələrinin üzvləri, müharibə veteranlarının yaxınları və yaşlı pedaqoqlar da var.
“Biz ömrümüzü bu məktəbə sərf etmişik. Mən şəhid bacısıyam. Bu məktəbdə 20 ilə yaxındır dərs deyirəm. Amma indi özümüzü arzuolunmaz kimi hiss edirik. Bizə baxış dəyişib”, – deyə qadın müəllim bildirib.
Regional idarənin fəaliyyətsizliyi – şikayətlər havada qalır
Məktəb daxilindəki bu proseslərlə bağlı müəllimlər dəfələrlə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə və konkret olaraq rəis müavini Qasım Qasımova şikayət ediblər. Amma onların dediyinə görə, indiyə qədər nə bir rəsmi araşdırma, nə də rəhbərlik tərəfindən müvafiq tədbir görülüb.
“Qasım müəllimə dəfələrlə yazılı və şifahi müraciət etmişik. Amma nəticə yoxdur. Elə bil ki, heç nə baş vermir. Bu da bizdə haqlı suallar yaradır: Bu susqunluq nə üçündür? Müdafiəmi kim təmin etməlidir?”, – müəllimlərdən biri sual edir.
Təkcə bir məktəbdə problem – təsadüfdürmü?
Mingəçevirdə fəaliyyət göstərən digər musiqi məktəbləri ilə bağlı bu tipli narazılıqlar yoxdur. Bu isə bir daha Fəxrəddin Qasımov adına məktəbdəki vəziyyətin idarəçilik problemi ilə əlaqəli olduğunu göstərir.
Hüquqi baxış: Əmək Məcəlləsi pozulur?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçinin əmək haqqı və dərs saatlarının azaldılması yalnız əsaslandırılmış rəsmi qərarlarla və qabaqcadan xəbərdarlıqla mümkündür. Halbuki bu məktəbdə baş verən hadisələr bu hüquqi çərçivənin pozulması ehtimalını göstərir.
Nəticə və ictimai çağırış
Fəxrəddin Qasımov adına Musiqi Məktəbində baş verənlər bir neçə müəllimin şəxsi problemi yox, bütövlükdə şəhər üzrə təhsil mühitinin pozulması deməkdir. İctimai etimadı sarsıdan, müəllimləri təhdid və təzyiqlə işləməyə məcbur edən bir idarəetmə modeli heç bir halda qəbul edilə bilməz.
Biz bir daha Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarverdiyevi məsələyə müdaxilə etməyə və şəffaf araşdırma aparmağa çağırırıq. Bu məktəb dövlətin adını daşıyan bir müəssisədir və burada baş verən hər hadisə təhsilin keyfiyyətinə, uşaqların gələcəyinə birbaşa təsir göstərir.