Milli televiziyalarımız niyə can verir? İflic olmuş sistemin acınacaqlı mənzərəsi
Azərbaycanın milli televiziya kanalları getdikcə tamaşaçıdan uzaq düşür, can verir, iylənir, ifunət saçır. Bəs səbəb nədir?
Cavab uzaqda deyil — sadəcə rəhbər heyətinə baxmaq kifayətdir. Televiziya rəhbərliyi peşəkar jurnalistlər, media menecerləri deyil, daha çox tanınmış simalara, şou-biznes adamlarına həvalə olunub. Ən son nümunələr bunu bir daha təsdiqləyir.
“Kanal S”də departament rəhbəri vəzifəsinə Ulvira təyin olunub. Kanalın baş prodüseri isə şou-biznes nümayəndəsi Roza Zərgərli, baş direktorun müşaviri isə stilist Anar Ağakişiyevdir. Bu adamların televiziyaya hansı intellektual və peşəkar töhfəni verəcəyi isə açıq sual olaraq qalır.
Məhz bu cür təyinatların nəticəsidir ki, televiziya kanalları informasiya mənbəyi olmaq əvəzinə, gündəlik həyatın bəsit səhnələrinin nümayiş platformasına çevrilib. Ciddi jurnalistika, maarifləndirmə, ictimai müzakirə arxa plana keçib, əvəzində şou, səthi verilişlər və süni reytinq yarışı efirləri zəbt edib.
Televiziya dirçəlməlidir, amma bu ancaq düzgün kadr siyasəti ilə mümkündür. Əks halda milli telekanallarımızın sonu sosial şəbəkələrin kölgəsində yox olmaq olacaq.