Ümid – bəlkənin sehrində yaşamaq ESSE

0
InShot_20250513_092706269

Həyat bəzən o qədər qaranlıq olur ki, bir addım sonranı belə görə bilmirik. İnsan ruhunun bu qaranlığa boyun əyməməsi üçün isə içində bir işıq yandırması gərəkir – bu işığın adı ümiddir. Ümid, bəlkə deməyin başqa adıdır. Bəlkə olacaq. Bəlkə düzələcək. Bəlkə dəyişəcək. Hətta “bəlkə olmayacaq” fikri belə ümidsizliyin deyil, ümidin özüdür – çünki o düşüncənin içində belə bir ehtimal yaşayır: “Tam yox deyil.” İnsan ruhu tam yoxluğu qəbul edə bilməz.

“Bəlkə” – dilimizdə bəlkə də ən sadə görünən sözlərdən biridir. Amma bu sadəliyin içində bir dünya gizlənir. O, əslində ruhun ağrıya səssiz dirənişidir. Bəzən bir ananın övladını gözlədiyi o səssiz illərdə, bəzən bir aşiqin sevgilisindən xəbər gözlədiyi gecələrdə, bəzən də bir xəstənin səhəri görmək ümidi ilə dediyi “bəlkə sabah” sözündə gizlənir. Hələ də “bəlkə” deyə bilirsə insan, demək ki, tam sınmayıb.

El arasında deyirlər: “Allah heç kimi bəlkəsiz qoymasın.” Çünki bəlkəsizlik, ümidsizlikdir – ruhun sükutla boyun əydiyi haldır. Ümid yoxdursa, gələcək də yoxdur. İnsanı həyata bağlayan nə var-dövlətdir, nə şöhrət – əsl bağ ümiddir. Bəlkə bir gün hər şey dəyişər inancı ilə yaşamaq, insanı yaşadan əsas təməl olur.

Ümid eyni zamanda fəlsəfi bir anlayışdır. İnsanı digər varlıqlardan fərqləndirən cəhətlərdən biri də məhz budur – gələcəyi düşünmək və dəyişə biləcəyinə inanmaq. Heyvanlar instinktlə hərəkət edir, amma insan – ümidlə. Bir xəyal qurmaq, bir dağa dırmaşmaq, bir yol seçmək – hamısı “bəlkə” ilə başlayır.

Bəzən hər şey bitmiş kimi görünə bilər. Dünya səssiz, içimiz boş, yollar sonsuz ola bilər. Amma bir küncdə səssizcə “bəlkə” demək yenidən başlamaq üçün kifayətdir. Həmin “bəlkə”, bəlkə də hər şeyi dəyişdirər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir