Peşəsinə vurğunluqla yaşayan tibb elmləri namizədi – Vaqif Hüseynov
Peşəkar androloq, istefada olan hərbi həkim, Qarabağ müharibəsi iştirakçısı…
Ömrünün 50 ilini həkimlik sənətinə, bu şərəfli peşənin uca adını qorumağa həsr edən peşəkar həkim, tibb üzrə fəlsəfə doktoru, androloq-terapevt, Ukrayna TEA-nın və Azərbaycanın Tibb Elmləri Namizədi Vaqif Hüseynovla həmsöhbət olduq.

Əvvəlcə Vaqif Hüseynovu yaxından tanıyaq:
Hüseynov Vaqif Aslan oğlu 1955-ci ildə Mingəçevir şəhərində anadan olub. 1979–1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Terapiya fakültəsini bitirib. Rusiya, Ukrayna, Türkiyə və Almaniyada müxtəlif ixtisasartırma kurslarında iştirak edib. 1992–1998-ci illərdə Şuşa şəhərindən başlayaraq, Azərbaycan Ordusunun tərkibində müxtəlif hərbi hospitallarda hərbi həkim kimi xidmət göstərib. Bu dövrdə dost ölkələrdən birində infeksion xəstəliklər üzrə hərbi internaturanı da uğurla başa vurub.

Ehtiyatda olan zabit və Qarabağ müharibəsi veteranıdır.
Qeyd edək ki, Vaqif Hüseynov şəhid ailəsindəndir. O, keçmiş SSRİ məkanında müxtəlif şəhərlərdə ayrı-ayrı xəstəliklər üzrə ixtisasartırma kurslarını bitirmişdir. Qaraciyər, ağciyər, ürək, böyrək, eləcə də cinsiyyət sistemi xəstəlikləri üzrə dərin bilik və təcrübəyə sahibdir.
1998–2010-cu illərdə Ukrayna Tibb Elmləri Akademiyasının Andrologiya və Seksologiya İnstitutunda kişi sonsuzluğu, cinsi xəstəliklər, oğlan uşaqlarının inkişaf problemləri və cinsi zəifliklər kimi aktual mövzularda elmi-tədqiqat işləri aparmışdır. Vaqif həkim, androloq, seksopatoloq və sonsuzluq üzrə tanınmış mütəxəssisdir.

Haqqında deyildiyi kimi, “Həkimlik qəhrəmanlıq və fədakarlıq tələb edən bir sənətdir.” Bu sənətə sahib çıxmaq üçün həkimin düşüncəsi aydın, niyyəti saf olmalıdır. Vaqif Hüseynov da məhz bu meyarlara cavab verən nadir mütəxəssislərdəndir. O, Ukrayna Tibb Elmləri Akademiyasında çalışdığı dövrdə cinsi yolla keçən xəstəliklər, elektromaqnit dalğaların kişi cinsi sisteminə təsiri, “Xroniki Brüselloz” zamanı yaranan sekretor-endokrin sonsuzluq, eləcə də zöhrəvi xəstəliklərin (qonoreya, xlamidiya, uroplazma, mikoplazma, trixomoniaz və s.) səbəb olduğu xroniki prostatit, xroniki uretrit və cinsi zəifliklərlə bağlı onlarla elmi-tədqiqat işlərinin müəllifidir.

“Cinsi yolla keçən xəstəliklərin 90%-i sağalandır” – deyə bildirən həkim, pasiyentlərini infeksion xəstəliklər zamanı vaxtında həkimə müraciət etməyə çağırır. Onun sözlərinə görə, bu gün ölkənin bölgələrindən, hətta Rusiyadan da pasiyentlər müalicə üçün ona müraciət edirlər. Təəssüf ki, pasiyentlər xəstəliyin artıq ağırlaşmış mərhələsində yardım istəyirlər. Əvvəlcə apteklərdən alınan dərmanlarla özbaşına müalicəyə çalışırlar, bu isə vəziyyəti daha da çətinləşdirir. Vaqif həkim qeyd edir ki, belə hallarda hər iki partnyorun eyni zamanda müalicə alması vacibdir.

Söhbət zamanı Vaqif Hüseynov həkimlik sənətinin yüksək məsuliyyət tələb etdiyini vurğulayır: “Həkim insan sağlamlığının keşiyində dayanır. Başqalarının səhvini düzəltmək mümkün olsa da, həkimin səhvini düzəltmək çox vaxt mümkün olmur.”
Vaqif Hüseynov həm də qayğıkeş ata və mehriban babadır. İki övladı və iki nəvəsi var. Oğlu Hüseynov Xəqani iqtisadçıdır, ailəlidir və iki övladı var.

Qızı Hüseynova Şəmsinur Tibb Universitetini bitirmiş, həkimdir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Regional Ruhi-Əsəb Xəstəlikləri Dispanserində baş həkim vəzifəsində çalışır.
3 fevral 2025-ci il tarixində Mingəçevirin və regionun fəxri sayılan Vaqif həkimin 70 illik yubileyi tamam olur. Biz də AzXeber.info olaraq onu bu əlamətdar gün münasibətilə təbrik edir, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzu edirik.