Mingəçevirdə akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Aprelin 15-də Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar”Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir”mövzusunda dəyirmi masa keçirilib. YAP şəhər təşkilatının akt zalında keçirilən tədbirdə əvvəlcə dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib. O, akademik Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salıb, qeyd edib ki, 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirib. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Sözügedən institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı. İnstitutda çalışan dövrdə Zərifə Əziz qızı bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verib, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edib.
İclasda YAP şəhər təşkilatının sədri sədri Bəxtiyar Mustafayev, Mərkəzi Şəhər Xəstəxanası PHŞ direktoru Ülfət Qurbanov, YAP şəhər təşkilatının fəalı Nurcamal Əsgərova, Psixonevroloji dispanserin baş həkimi Şəmsinur Hüseynova çıxış edərək Zərifə xanımın tibb elminə verdiyi töhfələrdən, respublikanın həyatında göstərdiyi ictimai fəaliyyətindən söhbət açmışlar.

Esmira Hidayətova,Mingəçevir.